Qolunu itirən qazi: "Məqsədimiz ancaq bir idi - qalibiyyət uğrunda!" - VİDEO

Qolunu itirən qazi: Məqsədimiz ancaq bir idi - qalibiyyət uğrunda! - VİDEO
Video
Siyasət 146

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi bizə çox sayda qəhrəman əsgər və zabit tanıtdı.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, onlardan biri də qazi Elnur Əkbərovdur.

E.Əkbərovun ailəsi 1988-ci ildə tarixi Azərbaycan torpağı olan İrəvandan qovulub. O, uşaq yaşında atasını itib. 2016-cı il Aprel döyüşləri zamanı müharibəyə getmək üçün könüllü yazılıb. Həmin vaxt döyüşlərdə iştirak edə bilməsə də, Vətən müharibəsi zamanı səfərbərliyə ilk cəlb edilənlərdən olub. Füzuli istiqamətində gedən döyüşlər zamanı E.Əkbərov yaralanıb, bir neçə döyüşçü yoldaşı isə şəhid olub.

E.Əkbərov qeyd edir ki, döyüş bölgəsinə yollananda onlarda qorxu hissi yox idi:

“Xalqımızın bu yolda bizə göstərdiyi diqqəti, qayğını biz artıq ilk gündən hiss edirdik. Yol kənarında dayanıb, döyüş istiqamətində gedən hərbi kolonu salamlayıb bizə əmin olduqlarını bildirmələri, əllərindən gəldikcə dəstək vermələri, dualar etmələri, bizə güvəndiklərini bildirmələri bizə daha da yüksək əhval-ruhiyyə bəxş elədi. İlk işğaldan azad edilən kəndə daxil olanda fikrimizdə yalnız o idi ki, xalqımızın 30 il həsrətində olduğu ərazilərə ilk daxil olanlar olmuşuq.

Düşmənlərimiz azad edilən torpaqlarda da öz çirkinliklərini göstərdilər. Çünki bütün ərazi minalanmışdı. Oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin minomyot mərmisi atması nəticəsində yaralandım. Mərmi yaxınlığımıza düşdü. Orada sol qolumu itirdim, ayağımdan ciddi zədə aldım. Mənimlə birgə digər döyüş yoldaşlarım da var idi. Onların içərisində də yaralanan, şəhid olan oldu. Ayağımızın torpaqlarımıza dəydiyi ilk gündən məqsədimiz ancaq bir idi – qalibiyyət uğurunda!”

Hazırda E.Əkbərovun müalicəsi davam edir. O, günügündən yaxşılaşır.

Son xəbərlər