Qırğızıstanın xarici işlər naziri: "Azərbaycana edilmiş hücum regionda gərginliyin artmasına xidmət edir"

Qırğızıstanın xarici işlər naziri: Azərbaycana edilmiş hücum regionda gərginliyin artmasına xidmət edir
Siyasət 16

Martın 5-də Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Qırğızıstanlı nazir dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Ceenbek Kulubayev İranda olan Qırğızıstan vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər