Qərbi Azərbaycan Xronikası: Paşinyanın İstanbul səfərinin pərdəarxası - Ermənistan "Turan"a qoşulur

Qərbi Azərbaycan Xronikası: Paşinyanın İstanbul səfərinin pərdəarxası - Ermənistan Turana qoşulur
Video
Siyasət 99

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, süjetdə İsrail-İran müharibəsi fonunda Cənubi Qafqazda baş verən maraqlı proseslər və Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən bəhs olunur.

Bildirilir ki, İrəvanda rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərin qəbul edildiyinə dair gərgin müzakirələr gedir: "Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə ilk dəfə səfər etdi. Onun keçirdiyi görüş İsrail-İran müharibəsinin "kölgəsində" qalsa da, bu, regionda baş verən proseslər fonunda bölgənin gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün ilk öncə Türkiyənin "Azərbaycan səddini" aşmalıdır".

Qeyd olunur ki, Paşinyan İstanbuldakı ermənilərlə görüşündə Bakı və Ankaranın "Turan" ideyası və bu ideya çərçivəsində Zəngəzur dəhlizinin açılması istəyindən danışıb, bununla da Zəngəzur dəhlizinə və "Turan" ideyasına razı olduqlarına işarə vurub.

Diqqətə çatdırılır ki, bunlar erməni şərhçilərinin iddialarıdır və məqsəd erməni ictimai rəyində Paşinyanın əleyhinə fikir formalaşdırmaqdır: "Lakin sirr deyil ki, Ermənistanın bölgədə normal ölkə kimi mövcud olması və qonşularla normal münasibətlər qurmasının yeganə yolu məhz bu şərtlərin qəbul edilməsindən keçir. Revanşistlərin etirazlarına baxmayaraq, Paşinyanın irəli sürdüyü "Real Ermənistan" konsepsiyası da buna əsaslanır".

Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər