Qərbi Azərbaycan Xronikası: "Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi"

Qərbi Azərbaycan Xronikası: Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi
Video
Siyasət 44

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov olub.

O, Qərbi Azərbaycanın Zəngibasar mahalından, doğulub boya-başa çatdığı Aşağı Necili kəndindən söhbət açıb. Bildirib ki, orta məktəbi bu kənddə bitirib, ardınca ali təhsil almaq üçün Azərbaycana üz tutub. Ali təhsilini başa vuraraq doğma kəndə qayıtmaq istəsə də erməni millətçiləri onu, ümumən isə azərbaycanlı kadrları işlə təmin etməkdən boyun qaçırıblar. Məcburən Azərbaycanda yaşamağa, ali təhsilini davam etdirməyə, ixtisası üzrə işləməyə başlayıb. Lakin ata-baba yurdu ilə əlaqəsini kəsməyib. Bayramlarda, yay tətillərində Aşağı Neciliyə gedib, qohum-əqrəba ilə görüşüb, günlərlə kənddə qalıb.

Tarixçi-alimin sözlərinə görə, bu qədim yaşayış məntəqəsində milli-mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunub, o cümlədən İslam dininin tələblərinə, Novruz Bayramı adətlərinə ən yüksək səviyyədə riayət olunub. Professor deyib ki, hətta buna görə sovet hökuməti kəndin mollasını Sibirə sürgün edib. Amma bu, Aşağı Necili sakinlərini öz dinindən, mənəviyyatından, tarixindən, adət-ənənələrindən ayrı salmayıb.

Qərbi Azərbaycanın tarixən Oğuz-Türk yurdu olduğunu dilə gətirən N.Məmmədov vurğulayıb ki, bu faktı erməni alimlərinin özləri də etiraf ediblər. Professor ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətindən də danışıb. Deyib ki, bu hadisələr çərçivəsində Aşağı Necili sakinləri iki dəfə soyqırımına məruz qalıblar. 1948-1953-cü illərdə 150 minə yaxın soydaşımız tarixi torpağından zorla köçürülüb. Minlərlə dinc sakin bu köçürülmə siyasəti nəticəsində həyatını itirib. 1988-ci il hadisələrində isə ermənilər azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar təşkil ediblər. Qarşıdurmalarda silahsız azərbaycanlılar fiziki-mənəvi işgəncələrə məruz qalıb, hətta öldürülüblər. Nəticədə 300 mindən çox Qərbi azərbaycanlı ata-baba yurdundan qovulub. Bununla da indiki Ermənistan monoetnik dövlətə çevrilib. Dünyada ikinci belə bir ölkə yoxdur.

Tarixçi-alim N.Məmmədov sonda qeyd edib ki, indiki Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı, soydaşlarımızın geriyə qayıtmaq hüququnu, həmçinin tarixi torpağına qovuşan azərbaycanlıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 6-da saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.

Son xəbərlər