Qərbi Azərbaycan Xronikası: "Ermənilər bizi kəndi tərk etmək üçün sıxışdırırdılar"

Qərbi Azərbaycan Xronikası: Ermənilər bizi kəndi tərk etmək üçün sıxışdırırdılar
Video
Siyasət 26

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Daşnaklar türkləri öldürüb paltarlarını geyiniblər" adlı veriliş əslən Zəngəzur mahalı, Meğri rayonunun Aldərə kənd sakini Nanə Məmmədovanın həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu və kəndi tərk edəndə 26 yaşının olduğunu deyib: "Uşaqlıq, gənclik dövründən kəndimizin hər dağına, daşına, cığırına bələd olmuşam. Əzəmətli dağlar, sayısız-hesabsız bulaqlar, kəhrizlər, yaylaqlar var idi. Kənd Araz çayının sol sahilində Bakı-İrəvan dəmir yolunun sağ tərəfində yerləşir. Aldərə çayının sol sahilində Mərzit kəndi yerləşib. O kəndi 1918-ci ildə ermənilər dağıdıblar. Sonralar bu ad kəndimizin məhəlləsi kimi tanınıb. 1590-cı ildə hazırlanan və Ankarada saxlanılan İrəvanın müfəssəl dəftərində kəndin yer-yurd adları çəkilir, hamısı türk adlarıdır".

Onun sözlərinə görə, XIX əsrin sonlarında ermənilər İyis adlı kəndi də dağıdıblar: "Bu kəndin sakinləri Aldərəyə köçüb, Xocal dağına sığınıblar. 1918-ci ildə deportasiya məruz qalmış insanlar kəndi məcbur tərk ediblər. İnsanlar soyuq dekabr ayında yorğanın üzünü çıxarıb uşaqlarını büküb Araz çayının sahilinə gəliblər. Ermənilər onları öldürüb paltarlarını geyiniblər. İnsanlar pələ vasitəsilə Cənubi Azərbaycana keçəndə ermənilər onları vurub. Yollarda insanlar itib-batıb. Arazın sularında boğulub, Zəngilanda acından ölənlər olub. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar yenidən kəndə qayıdıblar".

Kənd sakini bildirib ki, 1988-ci ildə duz-çörək kəsdiyimiz ermənilərin bizə soyuqluğunu hiss edirdik: "Noyabrdan azərbaycanlılar kəndləri tərk edirdilər. Mən kəndi tərk edəndə elə bildim, müvəqqəti gedirik. Bir anın içində kəndi tərk etdik. Nüvədidən keçib, çətin yollarla Zəngilanın Mincevan qəsəbəsinə gəldik. Sonra ailəmizlə Bakıda məskunlaşdıq".

N.Məmmədova 37 ildir gözünün yolda, qulağının səsdə olduğunu söyləyib: "Hər an gözləyirik, görəsən, biz kəndə nə vaxt qayıdacağıq. Biz o doğma yerlərə yenidən qayıtmaq istəyirik. Kəndimizə qayıtmaq həsrəti ilə yaşayırıq. Əminəm ki, Bakıdan Naxçıvana gedən Bakı-Noraşen qatarı yenidən öz yolu ilə gedəcək və günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər