Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası erməniləri məqsədli şəkildə mühüm vəzifələrə təyin edirdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Tətbiqi Tədqiqatlar Fondunun sədri, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev olub.
O, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələrimizdən söhbət açıb. Bildirib ki, zaman-zaman ermənilər bu tarixi irsi saxtalaşdırmağa, özününküləşdirməyə, bir çox hallarda isə məhv edərək yer üzündən silməyə çalışıblar. Bu çərçivədə qədim Albaniya dövlətinə məxsus xristian məbədləri ciddi saxtakarlığa məruz qalıb. Erməni keşişləri həmin kilsələrə sahibləniblər. Lakin buna baxmayaraq, Qərbi Azərbaycanın hər yerində tariximizin, irsimizin, mədəniyyətimizin nəfəsi duyulur.
Tarixçi-alim deyib ki, 1813-cü ilin "Gülüstan", 1828-ci ilin "Türkmənçay" müqavilələrindən sonra ermənilər kütləvi şəkildə Cənubi Qafqaza, xüsusən də Qərbi Azərbaycan ərazilərinə köçürülüblər. O dövrlərdə imperialist dövlətlər ermənilərdən vasitə kimi istifadə edib. Məhz onlardan maşa kimi yararlanaraq Türk dünyasını parçalayıblar. Bu xidmətlərin müqabilində Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edib, onların daha geniş qol-qanad açmasına şərait yaradıb. Bu isə ötən əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı və deportasiyaların törədilməsinə səbəb olub.
Bir insan üçün vətəndən didərgin düşməyin ən böyük faciə olduğunu diqqətə çatdıran İ.Əliyev 1948-1953, 1988-1991-ci illərdə soydaşlarımızın ata-baba yurdundan zorla köçürüldüyünü vurğulayıb. Qeyd edib ki, qaçqına çevrilən, dünyasını dəyişən, qətlə yetirilən azərbaycanlıların evlərində xaricdən gətirilən ermənilər məskunlaşdırılıb.
Tarixçi-alim söyləyib ki, sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqları qanunsuz olaraq Ermənistana verilib. Qərbi Azərbaycana sülh yolu ilə qayıdışın vacibliyinə toxunan İ.Əliyev deyib ki, bölgədə əbədi sülhün bərqərar olması üçün ümumi Qafqaz evi ideyası dəstəklənməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Embraer 190" markalı sərnişin tə...
