Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Paşinyanın Bakıya göndərdiyi Qərbi Azərbaycan təklifləri" adlı süjetdə Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində Qərbi Azərbaycana qayıdış strategiyası ilə bağlı səsləndirdiyi fikirlərdən bəhs olunur.
Bildirilir ki, dövlət başçısının müsahibəsi əslində rəsmi Bakının 2025-ci ildə xarici siyasət prioritetlərinin elan edilməsi məqsədi daşıyır və bir daha məlum oldu ki, Qərbi Azərbaycana qayıdış əsas istiqamətlərdəndir. Bundan sonra əsas prioritet tarixi torpaqlara qayıdış olacaq. Qərbi Azərbaycan məsələsi beynəlxalq leksikona və gündəliyə daxil edilib. Azərbaycan Ermənistan hakimiyyətindən azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmağı tələb edir.
Qeyd olunur ki, Prezident İlham Əliyev müsahibəsində qətiyyətli mövqeyini bir daha ortaya qoydu: "Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.
Oxşar xəbərlər
Ermənistan yeni hind-fransız haubitsaları alır
Ermənistan hind-fransız "Trajan" haubitsalarını almaq istəyir. Oxu.Az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb. Məlumata görə, Hindistan və...