Qarabağa gedəcək əhali və sahibkarlara bu güzəştlər edilsin - AÇIQLAMA

Qarabağa gedəcək əhali və sahibkarlara bu güzəştlər edilsin - AÇIQLAMA
Siyasət 1595

“Büdcədən Qarabağın bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Bu isə kifayət etməyən vəsaitdir. Özəl sektorun bu prosesə cəlb olunması olduqca vacibdir. Buna görə də işlər genişlənməlidir".

Bunu BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu məsələdə şəffaflıq önəm daşıyır: "Digər sahələrdə tenderlərin udulmasındə istənilən nəticələr əldə olunmurdu. Hamıya məlumdur ki, tenderi necə qazanmağın yolları var. Bu məsələdə buna yol vermək olmaz.

Qarabağ birinci növbədə iş və mədəniyyət sferasında fərqli fenomen olaraq görülməlidir. Burada artıq kim faydalıdırsa, o, cəlb olunmalıdır. Kim mənimkidirsə, kim mənə yaxındırsa, cəlbolunma prinsipi getsə, hər məmur orada özünün peykini yaradacaq və baş qatmaqla məşğul olacaq. Amma kim faydalıdırsa, bu prosesdə önəmli rol oynaya bilər. Onları cəlb etməyin yolları tapılmalıdır. Bunun üçün kredit güzəştlərindən tutmuş başqa məsələrə qədər nəzərə alınmalıdır. Bunun üçün həmin bölgədən olan sahibkarların öz doğma ocağında daha böyük fədakarlıq edə biləcəyini nəzərə alaraq onlara şərait yaradılmalıdır".

Deputat hesab edir ki, digər sahibkarların da bu məsələyə cəlb olunmasına imkan vermək lazımdır:

"Burada daha çox ağırlıq Türkiyə şirkətlərinin üzərinə düşə bilər. Türkiyənin bu məsələdə iqtisadi maraqlarının olması önəmli şərtlərdən biridir. Eyni zamanda digər ölkələrin də sərmayə qoymasını stimullaşdırmaq lazımdır. Çünki bizim özümüzün sahibkarlarımızın resursları yetərli olmaya bilər.

Bu məsələdə şəffaf, açıq və səmimi dirçəlmə planı olarsa, Azərbaycan cəmiyyəti səfərbər olacaq. Amma qapalı model işlənərsə, məmur zehni ilə məsələlər müəyyən olunarsa, onda yeniləşmə olmayacaq. Biz insanları Qarabağa yalnız komfort üçün göndərməməliyik, biz insanları konkret kənd təsərrüfatı, infrastruktur, mədən sənayesi təyinatı üzrə göndərməliyik. Orada uyğun mühit yaradılmalıdır ki, insanlar ora axın edə bilsinlər.

Xalqın bütün potensialı iştirak etmədikcə Qarabağın həm də təhlükəsizliyini təmin edə bilməyəcəyik. Bu məsələlər hamımızı düşündürməli, boşuna heç bir fikir, ideya qalmamalı, dərhal qəbul olunmalı, dəyərləndirilməlidir. Bunu dəyərləndirə biləcək mexanizm olmalıdır. Bu, məmur mexanimzi deyil, ictimai mexanizm olmalıdır. İctimai mexanizm isə dövlət başçısı İlham Əliyevə bunun faydaları və ziyanları barədə dəqiq fikir çatdırmalıdır".

Son xəbərlər