Qarabağ bölgəsi sürətlə dirçəldiləcək - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağın incisi Şuşanın azadolunma müjdəsini müqəddəs məkanda - Şəhidlər Xiyabanında xalqına çatdıran ölkə Prezidentimiz şəhidlərimizin qanlarının yerdə qalmayacağını bir daha bəyan etdi. İşğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması ilə həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də şəhidlərimizin ruhu şad oldu. 44 günün sonunda qalib tərəf olan Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə öz təsdiqini tapdı.
Azərbaycanın qələbəsi hərbi, iqtisadi böhran məngənəsində çabalayan Ermənistanı daha da böyük siyasi xaosa sürüklədi. Hərbi, siyasi, diplomatik məğlubiyyət yaşayan Ermənistan vətəndaş müharibəsi girdabında çabalayır. Eyni zamanda, tənəzzülə uğrayan ölkənin "Böyük Ermənistan” xülyası da tam iflasa uğradı. Bundan sonra Ermənistan ordusunun və dövlətinin özünə gəlməsi üçün illər lazımdır.
Politoloq Şəbnəm Həsənova BAKU.WS-ə bildirib ki, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir:
"Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisində doğma yurdlarına qayıdacaqlar.
Azərbaycanda hazırda 1 milyona yaxın məcburi köçkün və qaçqın yaşayır ki, onlar erməni təcavüzü nəticəsində dədə-baba yurdlarından didərgin düşüb. Həmin bir milyonun 250 minə yaxını qaçqın, 750 mini isə məcburi köçkündür. Bu da ölkə əhalisinin doqquzda biri deməkdir. Onun da böyük hissəsini qadın və uşaqlar təşkil edir. Bu kateqoriyadan olan insanlar ölkənin müxtəlif yerlərinə səpələnib ki, bununla da bir çox yerlərdə əhali sıxlığı yaranıb. Bu istiqamətdən dəyərləndirsək Azərbaycanın əldə etdiyi uğurlardan biri də demoqrafik balansla bağlı olacaq.
Məcburi köçkünlərin geri qayıtması ilə bu məsələ tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Belə ki, qələbəmiz həm də bir çox şəhər və rayonlarımızda yaşanan əhali sıxlığı probleminin aradan qaldırılmasına da xidmət edəcək. Eyni zamanda, artıq Qarabağın sürətli sosial-iqtisadi inkişafı istiqamətində dərhal məqsədyönlü addımlar atılmağa başlanılıb. İşğaldan azad edilmiş torpaqlarda yeni iş yerlərinin yaradılması ilə oraya yenidən həyat qayıdacaq. Qarabağ bölgəsi sanki yenidən doğulacaq və dirçəldiləcək".
Oxşar xəbərlər
Siyasi partiyalar İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayı...