Putinin sözlərinə məhəl qoymayan general üçün Moskvada "hava şəraiti" necə olacaq?
AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan ictimaiyyəti üçün olduqca həssas məsələdir.
Əvvəla, ona görə ki, qəza nəticəsində dinc insanlar həlak olublar, sərnişinlərin bir hissəsi isə yaralansa da, məhz pilotların peşəkarlığı sayəsində möcüzəvi şəkildə bu faciədən sağ çıxmağı bacarıb.
Bu faciə hər birimizin yaddaşında həmvətənlərimizin, günahsız, sivil insanların itkisi kimi qalıb və hər zaman xatırlayacağımız bir kədərə çevrilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, digər bir məqam isə bu faciənin hansısa təbii amil və texniki məsələ ilə bağlı olmamasıdır. Doğrudur, qəzanın səbəbi ilə bağlı hələlik yekun nəticə birmənalı olaraq açıqlanmasa da, az-çox hadisə ilə bağlı məlumatı olan hər kəs bilir ki, Rusiya ərazisində hava hücumundan müdafiə sisteminin işə düşməsinin faciədə böyük və həlledici rolu var.
Üstəlik, bu fakt danılmaz xarakter daşıyır və birbaşa Rusiya lideri Vladimir Putinin dilindən də səsləndirilib.
9 oktyabr 2025-ci ildə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Həmin görüş zamanı Rusiya prezidentinin səsləndirdiyi ifadələri yada salaq:
"İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.
Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.
İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin, raketin parçalarının özü ilə".
Aydın məsələdir ki, məhz Rusiya HHM sisteminin işi AZAL təyyarəsinin qəzaya uğramasında həlledici rol oynayır. Ancaq bu gün yayılan sənəd məsələyə Rusiyanın bəzi dairələrində yanaşmanın fərqli olduğunu ortaya qoyur.
Sənədin həqiqiliyi nə qədər sual doğursa da, hər halda heç bir variant istisna edilmədən reaksiya vermək zərurəti yaranır. Rusiya İstintaq Komitəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı iddia olunan, anonim istifadəçi tərəfindən "BT News" "Telegram" kanalına göndərilən sənəddə qəzaya səbəb olaraq hava şəraiti göstərilir və belə aydın olur ki, artıq İstintaq Komitəsi cinayət işi aparmağa, davam etdirməyə zərurət görmür.
Maraqlıdır ki, bir neçə ay bundan əvvəl Rusiya liderinin dilindən səslənən və yuxarıda qeyd etdiyimiz fikirlər sənəddə heç bir halda əksini tapmır, kənar müdaxilə amili ilə bağlı ifadələrə yer verilmir.
Bu məqamda Düşənbə görüşü ilə bağlı isə daha bir amili xatırlatmaqda fayda görürük. Bu ifadələr də məhz Rusiya liderinin dilindəndir:
"Ümumilikdə, mən sizə, əsasən, elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, sizə mənə məlum olanların hamısını danışdım".
Maraqlıdır, Rusiya İstintaq Komitəsi dinc insanların ölümündə günahkar kimi hava şəraitini ittiham edirsə, Rusiya liderinin dilindən səslənən bu fikirlər nədir? Rusiya lideri Moskvaya zəng edib, məlumat alıb, həmin məlumatları səsləndirəndə Rusiya İstintaq Komitəsi sədri hansı işlə məşğul olub? Vladimir Putinə agah olan məqamlar, istintaqı aparan qurumun rəhbəri, çiyinlərində general rütbəsi daşıyan Aleksandr Bastrıkinə necə agah olmaya bilərdi? Əgər agahdırsa, Bastrıkin öz dövlətinin başçısının fikirlərini heçə sayır? Bunu edərkən riyakarlığı özünə bayraq seçir?
Hər halda bu məsələ və yayılan sənədin həqiqət olması ilk növbədə Rusiya dövləti üçün rüsvayçılıq hesab edilməlidir. Axı faktlar var, bu faktlar ən yüksək səviyyədə dilə gətirilib və indi Bastrıkinin İstintaq Komitəsi öz liderinin sözlərini yerə vurub, öz cəfəng iddialarını ictimaiyyətə sırımaqmı istəyir? Bunun arxasında dayanan səbəbləri araşdırmaq ilk növbədə Rusiya dövlətinin maraqlarında olmalıdır.
Rusiyada söz sahibi dövlət başçısıdır, yoxsa həqiqətlərə kor baxaraq ən riyakar şəkildə məsələyə "qiymət" verən İstintaq Komitəsinin rəhbəri Bastrıkin? İstənilən halda məsələ araşdırılmalıdır.
Rusiyada bir general, bir qurum dövlət liderinin fikirlərinə məhəl qoymadan bu cür sənədə imza ata bilirsə, demək, ortada başqa maraqlar var və bu maraqlar ilk növbədə Rusiyanın özünün siyasi xəttinə ziddir. Bastrıkinin hansı marağı olmasını araşdırmaq bizim işimiz deyil, bunu Rusiya dövləti edə bilər, ancaq AZAL qəzası ilə bağlı ədalətli yanaşma və həqiqətlərin ortaya çıxarılmasını gözləmək bizim haqqımızdır. Ona görə də bu məsələ Azərbaycan ictimaiyyətinin daim diqqətindədir. Azərbaycan dövlətinin mövqeyi də kifayət qədər aydındır. Günahı olan hər kəs cəzalandırılmalı, ədalət öz yerini tapmalıdır. Bastrıkinin qurumunun sərsəm sənədi heç bir halda həqiqətlə üst-üstə düşə bilməz və birmənalı olaraq qəbuledilməzdir.
9 oktyabr 2025, Rusiya lideri Vladimir Putin:
"Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".
Bu fikirləri anlamaq, dərk etmək üçün heç də dahi olmağa gərək yoxdur, cənab Bastrıkin. Əgər Rusiya liderinin yuxarıda göstərdiyimiz fikirlərindən sonra bu cür sərsəm bir sənəd sizin adınızdan yayılırsa, qorxuruq ki, Vladimir Putinin son olaraq qeyd etdiyimiz sözlərini də səhv anlayıb, günahkar kimi hava şəraitini məsuliyyətə cəlb edərsiniz. Hər halda ortada olan mənzərə bu qorxunun yaranması üçün kifayət qədər əsas verir.
Aydın olan bir məsələ var ki, günahkarlar mütləq məsuliyyətə cəlb olunacaqlar. Onlar həmin vaxt sizin günahkar elan etdiyiniz hava şəraitini yalnız dəmir barmaqlıqlar arxasından seyr edə biləcəklər.
Ancaq sizin bəxtiniz bir şeydə gətirib. Ehtiyatlı olub, Rusiya liderinin sözlərindən düzgün nəticə çıxarmasanız, sonda şübhəli qismində istintaqa cəlb etdiyiniz "hava şəraiti" ilə kamera yoldaşı ola bilərsiniz. Hər halda Rusiyada son sözü siz demirsinizsə...
Qəza baş verən an hava şəraitini biz dəqiq bilmirik, ancaq dövlət başçısının sözünə məhəl qoymayan bir generala qarşı Moskvada havanın necə olacağını təxmin edə bilərik. Siz bilmirsinizsə, sonradan hava şəraitini günahlandırmayın...
Oxşar xəbərlər
Qırğızıstan səfiri: "Azərbaycanın "vahid 6" formatına keçidindən məmnunuq"
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov olub. Səfir Azərbaycan-Qırğızıstan əməkda...