Putin Azərbaycanı İŞİD-in bir nömrəli hədəfinə çevirdi
"Dünən Rusiyanın Xəzər dənizi vasitəsiylə Suriyaya yönəlik hərbi addımı Azərbaycanı növbəti dəfə dünyanın diqqətinə, daha dəqiq desək hədəfinə gətirib. Rusiyanın addımına görə ola bilsin ki, bəzi ekstremist və radikal qüvvələr Azərbaycanın adını hədəfə çıxartsınlar".
BAKU.WS-in məlumatına görə, bunu hərbi-ekspert Üzeyir Cəfərov söyləyib. Mütəxəssis hesab edir ki, Rusiya İŞİD-in 11 nöqtədəki hədəflərini Xəzər dənizindəki gəmilərindən 26 atəş açmaqla sıradan çıxarıb. Özü də Xəzərin İran ərazisinə düşən hissəsindən:
"Xəzər dənizi deyəndə adətən çoxları dərhal Azərbaycanı xatırlayır. Amma, Xəzər ətrafında İran, Qazaxstan, Türkmənistan və Rusiya dövlətləri də var axı. Bəli, maraqlıdır ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və nazirliyin saytı da bu məsələnin üstündən elə ustalıqla keçiblər ki, bu xəbəri oxuyan və reallığı bilməyən istənilən adam düşünə bilər ki, ruslar gəlib Azərbaycan ərazisindən Suriyanı bombalayıb. Axı, hərbdən anlayışı olan hər kəs gözəl bilir ki, əvvəla rusların dünənə qədər Xəzərdə yerləşdirdikləri hərbi gəmilərdə bu məsafəni vura biləcək heç bir silah-sursatı olmamışdı. Və heç bir rəsmi sənədlərdə də 300 km məsafədən uzaq gedə biləcək nə adi, nə də qanadlı raketlərin mövcudluğu söhbəti yox idi. Bəs onda Rusiya tərəfinin dünənki hərəkətinin adı nə idi? Güc nümayişi, yaxud ətraf ölkələri, elə öz əzəli rəqibləri olan ABŞ və NATO-nu qorxutmaq? Bu Putin və onun komandasının Azərbaycana və Xəzəryanı ölkələrə qarşı növbəti saymazyanalığı və özbaşınalığıdır".
Ü.Cəfərovun sözlərinə görə, Suriya ərazisinə Xəzərdən tuşlanan raketlərin sədası yaxın zamanlarda bölgədə böyük narazılıq və narahatçılıq yarada bilər: "Bunu əsla unutmaq olmaz. Onsuz da çox gərgin olan bir vəziyyətin üzərinə əslində Rusiya dünən daha ağır bir yük qatmış oldu. İŞİD-in son illər bütün ərəb və müsəlman dünyasına, eləcə də sivil dünyaya qarşı insanlıqdan kənar addımlarına göz yuman Rusiya son illər itirməkdə olan nüfuzunu guya bərpa etmək adı ilə indi "at oynadır". Özü də "qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarır".
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rusiya İŞİD-i Xəzər dənizindəki gəmilərindən belə vurur (VİDEO)
Rusiyanın hərbi döyüş gəmiləri Suriyada İŞİD mövqelərinə zərbələr endirib. BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, həmlə rusların X...