Prezidentdən növbəti sərəncam

Prezidentdən növbəti sərəncam
Siyasət 2525
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, prezidentin sərəncamına əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov "Dostluq” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Nikita Sergeyeviç Mixalkov 21 oktyabr 1945-ci ildə Moskvada anadan olub.

1956-1959-cu illərdə Nikita Moskva konservatoriyası nəzdində olan Mərkəzi musiqi məktəbində fortepiano sinfində oxuyub, Stanislavski adına Dram teatrının teatr studiyasında çalışıb.

1963-cü ildə Şşukin adına Teatr məktəbinə daxil olur. 1966-cı ildə isə dördüncü kursda oxuyarkən Mixalkov kino çəkilişlərində iştirak etdiyinə görə oradan xaric edilmişdir. O vaxtlar belə işlər tələbələrə qadağan edilmişdi. Buna görə də o, ÜDKİ-nin rejissorluq fakültəsinin ikinci kursuna keçir.

1971-ci ildə ÜDKİ-də Mixail Rommun emalatxanasında rejissorluq fakültəsini bitirir. Nikita Mixalkovun diplom işi "Müharibənin sonunda sakit gün" filmi olur. 27 yaşında hərbi xidmətə çağırılır. 1972-1973-cü illərdə Kamçatka donanmasında xidmət etmişdir. Xidmət yoldaşlarının sözlərinə görə, bədii özfəaliyyətlə məşğul olub konsertlər verib.

Mixalkov kinoda 14 yaşından çəkilməyə başlamışdı. 1960-cı ildə Vasili Ordınskinin filmində pioner rolunda, 1961-ci ildə isə "Kroşanın macəraları" filmində Vadim rolunda çəkilir. 18 yaşı olarkən o, Georgi Daneliyanın "Mən Moskvanı gəzirəm" filmində baş rolu ifa edir və orada eyniadlı mahnını oxuyur. Bu film Mixalkova böyük şöhrət gətirir.

1972-ci ildə ilk sovet reklam-filmi olan "Şokolad"ın ssenari müəllifi olur.

1974-cü ildə 28 yaşlı Mixalkov özünün ilk filmini çəkir. Film "Özgələr arasında doğma, doğmalar arasında özgə" adlanırdı. 1974-1984-cü onillik Mixalkov üçün çox səmərəli keçmişdir. Demək olar ki, hər il onun filmləri ekranlara çıxır, həmin filmlər beynəlxalq mükafatlar alır. 1980-ci illərdə Mixalkov ölkə hüdudlarından kənarda da bir çox uğurlu rollar ifa edir. Onun ən maraqlı rolları "Sibiriada", "İki nəfərlik vağzal", "Amansız romans" filmlərində olmuşdu. 1984-cü ildə Nikita Mixalkov RSFSR-in xalq artisti adına layiq görülmüşdür.

1980-ci illərin axırlarında Mixalkov "Studiya TriTe" ("Üç Te studiyası") adlı prodüser birliyi yaradır. Studiyanın adındakı üç "T" hərfini rus dilində yaradıcılıq, yoldaşlıq və əmək sözləri təşkil edirdi. Bu birliyin iştirakı ilə 1991-ci ildə yaradılmış ilk film "Urqa – məhəbbət ərazisi" oldu. Bu film monqol ailəsindən bəhs edir. Nümayişindən sonra film beynəlxalq kinofestivallarda böyük səs saldı, "Nika" mükafatına namizəd oldu və Xarici dildə ən yaxşı film nominasiyasında "Oskar"a namizəd oldu.

Nikita Mixalkov 1992-ci ilin yanvarından Rusiya Beynəlxalq Mədəniyyət Fondunun rəyasət heyətinin üzvüdür. 21 may 1993-cü ildə Mixalkov Rusiya Mədəniyyət Fondunun sədri seçilmişdir.

1993-cü ildə qızı Annanın həyatından bəhs edən "Anna. 6-dan 18-ə" filmini çəkir. 1994-cü ildə "Günəşdən usanmışlar" filmini çəkir. Bu film bir çox mükafatlara layiq görülmüşdür. Onların arasında Kann kinofestivalının Qran-Prisi və Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı da var.

1998-ci ildə o, Rusiya Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir.

1999-cu ildə Mixalkovun "Sibir bərbəri" filmi ekranlara çıxır. O, eləcə də 2005-ci ildə aktyor, baş prodüser və bədii rəhbər kimi rejissor Filipp Yankovskinin "Mülki məsləhətçi" filminin yaranmasında iştirak etmişdir.

2007-ci ildə Nikita Mixalkov "12" adlı bədii filminə görə 64-cü Venesiya Kinofestivalının "Xüsusi şir" mükafatını alır.

Rusiya Kinematoqrafçılar İttifaqı 2008-ci ilin dekabrında Mixalkovu VII qurultaya nümayəndə kimi seçmədi. Mixalkov buna cavab olaraq Kinematoqrafçıların qurultayını "cırtdanların teatrı" adlandırmışdır. Mixalkovun tərəfdarları Vasili Livanov, Vladimir Naumov, Nikolay Borodaçyev və Klim Lavrentyev İttifaqın VII qurultayının qeyri-qanuni olmasına dair iddia irəli sürmüşdür. İttifaqın yeni seçilmiş rəhbərləri Moskva və Presnenski prokurorluğuna 3 məktub göndərmişdir. 17 mart tarixində Moskvanın Presnenski məhkəməsi İttifaqın VII qurultayında qanunsuzluq olduğunu elan etmişdir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yeni sərəncamlar imzaladı

İlham Əliyev yeni sərəncamlar imzaladı

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-...

4090 Siyasət 09:49 20 oktyabr 2015

Son xəbərlər