Prezidentdən hər kəsə mesaj: Dünyanın dəqiq proqnozu, Azərbaycanın gələcəyi üçün YADDAŞ KİTABI
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli telekanallara verdiyi müsahibəsində həm xarici, həm də daxili siyasətlə bağlı kifayət qədər açıq danışıb. Bəlkə də, heç zaman olmadığı qədər.
Cənab Əliyev dünyanın hazırkı vəziyyətini çox səmimi şəkildə izah edib və buna müvafiq olaraq prioritetləri, hədəfləri bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dövlət başçısının bütün sahələr, proseslər üzrə fikirləri, yanaşmaları xüsusilə maraqlı və düşündürücü, həmçinin aidiyyəti üzrə hər birimizin nəticə çıxarmalı olduğu məsələlərdir, xalqa, o cümlədən beynəlxalq miqyasda dostlara və bəzi bədxahlara verilən mesajlardır.
Şübhəsiz ki, Prezidentin beynəlxalq aləmdə baş verənlər, qlobal əməkdaşlıq, yeni dünya düzəni və burada Azərbaycanın yeri, rolu, dövlətimizin maraqları, yanaşması, prioritetləri barədə dedikləri olduqca mühümdür və hər kəs bunu yaddaşına yazmalıdır. Ələlxüsus siyasətlə, ictimai fəaliyyətlə məşğul olanlar çox diqqətlə bu yanaşmalara köklənməlidirlər.
Yazı-pozu adamı olduğumuz üçün ilk növbədə ölkə rəhbərinin Azərbaycan dilinin qorunmasına dair tapşırıq və tövsiyəsindən başlamaq istərdik.
Qısacası, Prezident dilimizin qorunmasını hər birimizə tapşırıb: "Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?..
Dil əldən gedəndən sonra, yaxud da pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".
Nəzərə alsaq ki, Prezident bu yöndə medianın xüsusilə diqqətli olmasını tapşırıb, həmçinin illər öncədən jurnalistləri də özünün köməkçiləri elan edib, o zaman bəzi məsələləri qeyd etməyi borc bilirəm.
Hesab edirəm ki, bəzi dövlət qurumlarında, özəl müəssisələrdə işə qəbul prosesində rusdilli, ingilisdilli olmaq tələbinin, şərtinin mütəxəssisin sahəvi bilik və bacarıqlarından daha üstün sayılması tamamilə qadağan olunmalı və buna ciddi nəzarət edilməlidir. Bu, həmçinin peşəkarlığın da artırılmasına səbəb olacaq.
İkincisi, dilimizin qorunması üçün dərsliklərin kortəbii şəkildə, səhvlərlə yazılmasının qarşısı alınmalıdır. Elm və Təhsil Nazirliyi bu yöndə başladığı işləri Prezidentin tapşırığından sonra maksimum sürətləndirməlidir.
Eyni zamanda, bədii və digər ədəbiyyata aid kitabların əksəri çox bərbad durumdadır, hətta oxumaq belə adamı diksindirir. Müxtəlif nəşriyyatların dərc etdiyi kitabların peşəkarlar tərəfindən ciddi redaktə və korrektə olunmasına xüsusi nəzarət olunmalıdır.
Habelə dilimizin qorunması üçün bəzən ikrah doğuran formada materiallar dərc edən saytların, portalların qarşısında ciddi tələblər qoyulmalıdır.
Dil qaydalarımız kobud surətdə reklam mətnlərində də pozulur və bəzən jarqon ifadələri belə leksikona gətirirlər.
Və ən əsası, telekanallarda dilimizin qaydalarının "anasını ağladan" aparıcılarla bağlı tədbirlər görülməlidir...
İkinci məqam: Prezidentin çıxışında ölkənin, xalqın gələcəyinə dair aydın təsəvvürlər, çağırışlar diqqəti xüsusi cəlb edir və bu, cənab İlham Əliyevin müdrik lider kimi uzaqgörənliyidir.
O, qeyd edilən istiqamətdə kifayət qədər açıq danışıb. Sitat: "İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edirlər? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik".
Bəli, müasir dünya artıq neftlə, digər təbii sərvətlərlə inkişaf edə bilmir. Çünki alternativ enerji mənbələri sürətlə formalaşmaqdadır, habelə bu sərvətlər tükənəndir.
Artıq ölkələr texnoloji inkişaflarla yüksələcək, gələcəyini təmin edəcək, bununla güclənəcək.
Təbii, onu da etiraf etməliyik ki, hələlik bizim təhsil və elm sahəmiz qısa bir zamanda böyük sərmayələr, qazanclar gətirən ixtiralara hazır deyil.
Azərbaycanı qalib dövlətə çevirən, son 200 ildə ilk dəfə ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edən Ali Baş Komandan, sözsüz ki, bir sərkərdə, müdrik lider kimi dövlətimizin, xalqımızın orta və uzaq gələcəyinin də firavan olması üçün planlar qurur, onların sürətli icrasına çalışır.
Onun texnoloji inkişafla bağlı müvafiq beyin mərkəzlərinin qurulması üzrə elan etdiyi strategiya və "Əgər biz, doğrudan da, elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq" fikirləri kifayət qədər önəmlidir. Bu, ölkəmizin sabahını müəyyən edən strategiya kimi başa düşülməlidir. Müvafiq strukturlar isə bir an öncə hərəkətə keçməlidir...
Azərbaycan liderinin müsahibəsində xüsusi vurğuladığı digər məqamlardan biri də məmurlarla bağlıdır. Bu, ölkəmizin, idarəetmənin ən həssas yerlərindən biridir.
Xüsusən o baxımdan ki, illərdir bu sahədə Prezident ən sərt addımları atır, ancaq bəzən etimad göstərilən gənc kadrlar da yarıtmaz işlərə baş vururlar.
Ölkə liderinin çıxışında bu məsələyə dair bir məqam olduqca vacib haldır və çox düşündürücüdür.
O baxımdan ki, uzun müddətdir apardığım müşahidələrdən gəldiyim bir qənaət var: Məmurlar da bu cəmiyyətin üzvüdürlər, əgər gənc, Avropa təhsilli kadrlar da əyri yollara düşürlərsə, bu artıq cəmiyyətin bəlasıdır, təkcə idarəetmə sistemi məsələsi deyil. Yəni bəzən inanılan kadrı vəzifəyə qoyandan az sonra əliəyriliyi üzə çıxır.
Cənab Əliyev əndazəni aşan məmurlarla bağlı tədbirlərin daha sərt olacağını, habelə radikal kadr islahatlarına start veriləcəyini duyurmaqla yanaşı, bu kontekstdə həm də böyük fəlsəfi önəm kəsb edən fikirlər səsləndirib: "Struktur islahatlarının aparılması, təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri".
Bəli, ən mükəmməl struktur belə nadürüst adamların idarəetməsində effektli olmayacaq. Ona görə də bütövlükdə cəmiyyətin sağlamlaşması ən vacib məsələdir və bu zaman saf kadrlar da avtomatik yetişəcəklər...
Eyni zamanda, dövlət başçısının xalqa, vətəndaşlara da mesajı var:
"Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilib. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər"...
Dövlət başçısı bununla həm də bir daha bildirmiş olub ki, onun ən böyük güvəni xalqadır!
Və çox mühüm bir məqamla yazını yekunlaşdırmaq istərdim:
Prezident müsahibəsində bir neçə dəfə təəssüflə beynəlxalq hüququn norma və prinsiplərinin faktiki olaraq işləmədiyini və 30 illik işğal dövründə Azərbaycan bunun ilk qurbanlarından biri olduğunu vurğulayıb.
Türk dövlətləri arasında hərbi əməkdaşlıqla bağlı təklifinə dair suala cavabında hörmətli İlham Əliyev deyib: "Bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi, demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan"...
Bu fikirlərin türk dövlətləri ilə əməkdaşlığa dair suala cavabda səslənməsini təsadüfən qeyd etmədik.
Çünki işğal dövründə Azərbaycanın Qarabağ məsələsində haqlı olmasına baxmayaraq, biz daim ədalətsizliyə məruz qaldıq, haqq səsimizi eşidən olmadı. Yəni beynəlxalq hüququn işləmədiyini biz indiki geosiyasi reallıqlarda yox, xeyli öncələrdən öz taleyimizdə yaşamışıq. Heç bir reallıq nəzərə alınmırdı.
Ancaq Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən, Qələbəmizdən, dünyada söz sahibinə çevrilən ölkələrdən biri olduqdan sonra aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib.
Odur ki, biz reallıqları tam dərk etmiş dövlət kimi, türk dünyası, xüsusən Türkiyə ilə birlikdə daha da güclənməli, böyük qüvvəyə çevrilməliyik ki, bir daha mövcud olmayan beynəlxalq hüquq "yanıltmacının" qurbanına çevrilməyək.
Bunun üçün ardıcıl, daim və maksimum güclənməliyik.
Prezidentin bu tövsiyəsi hər birimiz üçün YADDAŞ KİTABI olmalıdır.
Oxşar xəbərlər
Qırğızıstan səfiri: "Azərbaycanın "vahid 6" formatına keçidindən məmnunuq"
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov olub. Səfir Azərbaycan-Qırğızıstan əməkda...