Prezident: “Yaxşı yaşayanlar daha çox vergi və kommunal ödəməlidir”
"Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir”.
BAKU.WS xəbər verir ki, bunu Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərdab Mərkəzi Rayon Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Prezident sözlərinə belə davam edib: "Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.
İlham Əliyev bildirib ki, sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək: "Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər”.
İlham Əliyev deyib: Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.
BAKU.WS
Oxşar xəbərlər
Prezident: "Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə..."
"İndi bizim neft gəlirlərimiz azalıb. Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür. Düzdür, bu gün...