Prezidentdən əhali üçün tikiləcək ucuz evlər barədə tapşırıq
"Azərbaycanda aztəminatlı əhalinin mənzillə təminatı məqsədilə sosial mənzillərin tikintisi layihəsinə başlanır".
Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında bildirib. Prezident qeyd edib ki, sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək: «Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır».
Sosial evlər həm Bakıda, həm də rayonlarda tikiləcək
Dövlət başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi iki məqsəd daşıyır – aztəminatlı əhalinin mənzillə təmin edilməsi və işsizliyin azaldılması. Sosial mənzillər bütün şəhər və rayonlarda başlanacaq: «Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində».
Evlər uzunmüddətli kreditlə satılacaq
Dövlət başçısı bildirib ki, belə mənzillər aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətli kreditlərlə veriləcək. Sonradan həmin ailələr bu mənzillərə mülkiyət hüququ alacaqlar: «Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir».
Sosial mənzillər əlavə 20 sahəni də inkişaf etdirəcək
Sosial mənzillərin tikintisi təkcə mənzil təminatına və işsizliyə yox, iqtisadiyyatın digər sahələrinə də dəstək olacaq. Prezident bildirib ki, bu mənzillərin verilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq: «Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır».
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev tapşırıq verdi: ucuz evlərin tikintisinə başlanır
Azərbaycanda evsizlərin çoxdan gözlədiyi yeniliyə - sosial mənzillərin tikintisinə başlanacaq. Fins.az-ın məlumatına görə bu barədə Nazirlər Kabinetinin 2016-...