Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sülh prosesini irəli aparır - Elman Nəsirli
"Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər strateji xarakter daşıyır. Fundamental məsələlərdə hər iki dövlətin mövqeyi eynidir. Enerji təhlükəsizliyi, beynəlxalq sülhün və təhlükəsizliyin təminatı, asimmetrik təhdidlərlə mübarizə kimi istiqamətlərdə rəsmi Bakı və Vaşinqton eyni mövqedən çıxış edir".
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirli BAKU.WS-ə açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycan ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizəsində öncül tərəfdaşlardan biri olub. Onun sözlərinə görə, Bayden administrasiyası dövrü bu baxımdan istisna təşkil edib və həmin dövrdə ikitərəfli münasibətlər ən aşağı səviyyəyə enib.
Elman Nəsirli xatırladıb ki, Co Bayden hələ senator olduğu dövrdə Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsinin əsas təşəbbüskarlarından biri olub. O vurğulayıb ki, 1992-ci il oktyabrın 24-də qəbul edilən bu sənəd ikitərəfli münasibətlərə ciddi zərbə vurub və postsovet məkanında yalnız Azərbaycanın ABŞ-dan dövlət səviyyəsində iqtisadi yardım almasına məhdudiyyət tətbiq edilib.
Deputat qeyd edib ki, Donald Tramp prezident seçildikdən sonra münasibətlər yenidən inkişaf etməyə başlayıb:
"Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Trampın birinci administrasiyası dövründə Bakı–Vaşinqton münasibətləri bütün parametrlər üzrə inkişaf etməyə başladı. Eyni zamanda 907-ci düzəlişin fəaliyyəti hər dəfə müəyyən müddətə dayandırılırdı və bu, birbaşa Donald Trampın prezidentliyi dövründə mümkün olmuşdu."
Elman Nəsirlinin sözlərinə görə, Prezident İlham Əliyevin beynəlxalq proseslərlə bağlı proqnozları dünya ictimaiyyəti tərəfindən maraq və rəğbətlə qarşılanır. O bildirib ki, dövlət başçısının Donald Trampın ikinci dəfə prezident seçilməsi uğrunda mübarizə apardığı dövrdə səsləndirdiyi fikirlər də yüksək qiymətləndirilib.
Deputat sülh prosesi ilə bağlı isə bunları deyib:
"Proses davam edərsə və nəticə etibarilə mövcud maneələr aradan qaldırılarsa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması baş tuta bilər. Yəni bu proses öz məntiqi sonluğuna çata bilər."
Onun sözlərinə görə, bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm xidmətləri var. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və irəli sürdüyü təşəbbüslər də həlledici rol oynayıb.
"Ona görə də təbiidir ki, Ermənistan daxilində müəyyən qüvvələr bu prosesi ciddi narahatlıqla qarşılayırlar. Azərbaycan xalqı isə öz praqmatik, qalib Prezidentinin siyasətinin nəticələrini görür və bu təşəbbüsləri dəstəkləyir. Çünki bu təşəbbüslər Azərbaycan xalqının bir nömrəli milli təhlükəsizlik maraqlarının təmin edilməsinə, ərazi bütövlüyünün qorunmasına və sülh təşəbbüslərinin davam etdirilərək beynəlxalq sülh müqaviləsinin imzalanmasına nail olunmasına istiqamətlənib."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Vaşinqton razılaşmaları Azərbaycanın son illərdə qazandığı zəfərlərin məntiqi nəticəsidir - DEPUTAT
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə ölkəmizin son illərdə qazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqi nəticəsid...