Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim.
Bu gün Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyətli rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən möhtəşəm dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi potensialının güclənməsinin, qlobal arenada imicinin ildən-ilə artmasının şahidi olmaqdan qardaş ölkə olaraq böyük fərəh hissi duyuruq.
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.
Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur. Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə, Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin, qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk.
İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafelərinə xidmət edir.
Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır.
Əziz Qardaşım,
Füsunkar ölkənizə həyata keçirdiyim hər səfərimdə mənə göstərilən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq münasibətini yüksək qiymətləndirir, Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev: Sülh gündəliyi ilə bağlı nailiyyətlər tarixi əhəmiyyət kəsb edir
Sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini üçün əhəmiyyət kəsb edir. BAKU.WS...
