Prezident: AXC-Müsavat cütlüyü düşmən kimi Azərbaycanı məhv edirdi

Prezident: AXC-Müsavat cütlüyü düşmən kimi Azərbaycanı məhv edirdi
Siyasət 363

AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı məhv edirdilər.

BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə giriş nitqində deyib.

Dövlət başçısı bildirib: "Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.

Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü.

AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük.

O vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il “Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi.

Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü".

Son xəbərlər