Özbəkistan Azərbaycan üçün etibarlı tərəfdaşdır

Özbəkistan Azərbaycan üçün etibarlı tərəfdaşdır
Rəy
Siyasət 6

Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkənddə mətbuata verdiyi bəyanatda səsləndirdiyi "Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır" fikri Azərbaycan-Özbəkistan münasibətlərinin müasir mərhələsinin mahiyyətini anlamaq baxımından mühüm açardır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, bu ifadə yalnız Özbəkistanın iqtisadi inkişafının və paytaxtın simasında müşahidə olunan dəyişikliklərin qiymətləndirilməsi deyil, eyni zamanda bu fikir iki qardaş dövlət arasında münasibətlərin hansı siyasi, iqtisadi və sosial mühitdə sürətlə dərinləşdiyini göstərir:

"Özbəkistanın son illərdə keçdiyi inkişaf yolu genişmiqyaslı iqtisadi transformasiyalarla müşayiət olunub. Sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi ölkənin iqtisadi potensialını artırıb. Prezident İlham Əliyev də qeyd etdiyi kimi, Şavkat Mirziyoyevin rəhbərliyi dövründə ölkənin iqtisadi inkişafının əsaslarının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb.

Özbəkistan Azərbaycan üçün etibarlı tərəfdaşdır

Bu proses Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Azərbaycanın xarici siyasətində dost və qardaş ölkələrin inkişafı regional sabitliyin və əməkdaşlığın mühüm amili kimi qəbul olunur. Güclü və iqtisadi baxımdan inkişaf edən Özbəkistan Azərbaycan üçün etibarlı tərəfdaşdır".

Deputat bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi hər iki dövlətin paralel inkişafının yaratdığı imkanlardan bəhrələnir: "Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkələrimiz paralel inkişaf etməsəydi, bu miqyasda birgə layihələri həyata keçirmək mümkün olmazdı. Bu fikir xüsusilə investisiya münasibətlərində özünü göstərir. İnvestorlar ilk növbədə siyasi sabitlik, iqtisadi perspektiv, hüquqi təminat və əlverişli biznes mühiti olan ölkələrə üstünlük verirlər. Prezident İlham Əliyevin Özbəkistanın investisiya mühitinin formalaşdırılmasında Prezident Mirziyoyevin rolunu xüsusi qeyd etməsi məhz bu reallıqla bağlıdır.

Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olması və Özbəkistan şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişlənməsi qarşılıqlı iqtisadi etimadın göstəricisidir".

Ş. Seyidzadə vurğulayıb ki, "Davr Bank" layihəsinin açılışı maliyyə sektorunda əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm nümunədir. Belə ki, maliyyə sektorunda əlaqələrin inkişafı digər iqtisadi layihələrin də reallaşdırılması üçün əlverişli mühit yaradır, çünki investisiya, ticarət və sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün maliyyə infrastrukturu mühüm əhəmiyyət daşıyır.

"Eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda sənaye və tikinti sahələrinə investisiya yatırması iqtisadi əlaqələrin istehsal kooperasiyası mərhələsinə keçdiyini göstərir. Bu mərhələdə əsas məsələ yalnız məhsul mübadiləsi deyil, məhsulun birgə istehsalı, texnologiyaların paylaşılması, yeni iş yerlərinin yaradılması və yerli iqtisadi dəyərin artırılmasıdır" o bildirib.

Deputat təhsil sahəsində həyata keçirilən layihələri əməkdaşlığın yalnız iqtisadi məqsədlərlə məhdudlaşmadığının göstəricisi kimi qabardıb.

O əlavə edib ki, Azərbaycan və Özbəkistanın gənc nəsilləri arasında təhsil və mədəni əlaqələrin güclənməsi iki ölkənin gələcək əməkdaşlığının sosial bazasını genişləndirəcək. Bu baxımdan mədəniyyət sahəsində imzalanmış əməkdaşlıq haqqında saziş xüsusi əhəmiyyət daşıyır:

"Tarixi əlaqələrin müasir dövlət münasibətlərinə çevrilməsi Azərbaycan-Özbəkistan əməkdaşlığının ən mühüm xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin "mənəvi və maddi təməl" ifadəsi məhz bu sintezi xarakterizə edir.

Daşkənddə səslənən "yüksəliş dövrü" ifadəsi yalnız Özbəkistanın bugünkü inkişafını xarakterizə etmir. Bu ifadə Azərbaycan-Özbəkistan münasibətlərinin də yeni yüksəliş mərhələsini ifadə edir. Bu yüksəlişin əsasında isə üç əsas amil dayanır: siyasi etimad, iqtisadi qarşılıqlılıq və tarixi-mənəvi qardaşlıq. Məhz bu üç amilin vəhdəti Azərbaycan və Özbəkistanı qarşıdakı illərdə daha sıx əməkdaşlığa, daha böyük layihələrə və daha geniş regional tərəfdaşlığa aparacaq əsas strateji dayaqlardır".

Son xəbərlər