Naxçıvanın inkişafı regionda yeni mərhələnin əsasını qoyur - RƏY
Naxçıvanın inkişafı yalnız daxili və ya regional siyasət baxımından deyil, həm də geosiyasi və geoiqtisadi aspektdən mühüm əhəmiyyət daşıyır.
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son dövrlərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri muxtar respublikanın inkişafına yeni təkan verib. Şəhər və yaşayış məntəqələrində infrastrukturun yenilənməsi, yol-nəqliyyat imkanlarının yaxşılaşdırılması, sosial obyektlərin və abadlıq sahələrinin inkişaf etdirilməsi Naxçıvanın gələcək inkişafı üçün mühüm baza yaradır.
Politoloq qeyd edib ki, Naxçıvan turizm baxımından da böyük potensiala malikdir. Onun fikrincə, qədim tarixi, zəngin mədəni irsi, tarixi abidələri və özünəməxsus coğrafiyası regionda turizmin müxtəlif istiqamətlərinin inkişafına imkan verir.
Ş.Həsənova hesab edir ki, Naxçıvanda iqtisadi fəallığın artırılması və müasir turizm infrastrukturunun yaradılması yeni gəlir mənbələrinin formalaşmasına şərait yarada bilər.
"Buna görədir ki, blokada reallığından artıq iqtisadi inkişaf reallığına keçməliyik. Blokada reallığından çıxılması qarşımızda yeni imkan və fürsət pəncərələri açır", – deyə politoloq bildirib.
O vurğulayıb ki, Azərbaycanın əsas hissəsindən ayrı qalan Naxçıvanın nəqliyyat əlaqələrinin genişləndirilməsi onun potensialının tam reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi də Naxçıvanın gələcək nəqliyyat, logistika və ticarət imkanlarını artırır.
Politoloqun sözlərinə görə, TRIPP çərçivəsində nəzərdə tutulan bağlantıların yaradılması istiqamətində Naxçıvanda işlərin sürətləndirilməsi vacibdir.
"Kommunikasiya layihələrinin bərpası təkcə yolları və dəmir yollarını əhatə etmir. Şübhəsiz ki, burada böyük bir iqtisadi proses yaranır. Bu iqtisadi prosesdə Azərbaycan mərkəzə gəlir ki, Naxçıvanın inkişafının stimullaşdırılması onun tranzit funksiyasının artmasına səbəb olur", – Ş.Həsənova deyib.
O əlavə edib ki, Naxçıvanın potensialının tam reallaşdırılması nəticəsində region yalnız tranzit yükdaşımaları üçün deyil, yüklərin qəbul edilməsi, saxlanılması, çeşidlənməsi və müxtəlif istiqamətlərə yönləndirilməsi baxımından da əhəmiyyətli mərkəzə çevrilə bilər.
Ş.Həsənova Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyasının Azərbaycanın Avrasiyanın nəqliyyat sistemində mövqeyini daha da gücləndirəcəyini bildirib.
"Bu baxımdan Naxçıvanın inkişafı regionun inkişafının yeni mərhələsi deməkdir. Naxçıvan bu gün yeni dirçəliş dövrünü yaşayır", – deyə politoloq vurğulayıb.
Onun fikrincə, hazırda söhbət yalnız mövcud infrastrukturun yenilənməsindən deyil, Naxçıvanın regional sistemdəki funksiyasının dəyişməsindən gedir. Bu baxımdan muxtar respublika Azərbaycanın regional strategiyasında və qlobal siyasətində mühüm mövqeyə malikdir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Naxçıvanda inşa olunan yeni GES-lər 40 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcək
Naxçıvanda inşa olunan ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları (GES) 40 minə yaxın evə elektrik enerjisi ilə təmin edəcək. B...