Lukaşenko: "Paşinyan Ermənistanı məhv edəcək"
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin siyasətindən ciddi narahatlığını ifadə edib və bunun ölkəni məhvə apara biləcəyini bildirib. Dövlət başçısı Ermənistan rəhbərliyini, xüsusilə, Avropa İttifaqı ilə "təhlükəli oyun" adlandırdığı əlaqələrdən çəkindirib.
Oxu.Az-ın BELTA-ya istinadən məlumatına görə, o, bu barədə Minskdə jurnalistlərə bəyan edib.
"Onlar Aİ ilə flört etməyə başladılar. Bu çox təhlükəli oyundur. Onu sakitləşdirin. O, Ermənistanı məhv edəcək", - deyə Lukaşenko bildirib.
Belarus Prezidenti vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz hərəkətləri ilə təkcə Rusiyanı özünə qarşı qoymur, həm də kiçik ərazisi və əhalisi olan ölkəsini düşmənlərlə əhatə edir.
"O, ölkəni məhv edəcək. Ona görə də, onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz", - dövlət başçısı deyib.
Aleksandr Lukaşenko həmçinin Ermənistan rəhbərliyinin Belarusa olan incikliyindən danışıb.
"Onlar məndən inciyirlər ki, mən Azərbaycanı dəstəkləmişəm. Allah xatirinə, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibə olmasın, bir-birimizlə vuruşmayaq deyə çalışmışam", - o bildirib.
Prezident xatırladıb ki, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında ərazi mübahisəsinin sülh yolu ilə həllinə kömək etməyə çalışaraq faktiki olaraq vasitəçilik funksiyasını yerinə yetirib və Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq təklif edib.
"Əliyevin hətta Ermənistanla müharibə etmək məqsədi yox idi", - Belarus lideri deyib.
Aleksandr Lukaşenko qeyd edib ki, bunları Ermənistanda da açıq şəkildə səsləndirirdi, lakin rəsmi İrəvan rəhbərliyi bu təklifləri inkişaf etdirməyib.
"Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahıdır", - deyə prezident vurğulayıb.
Oxşar xəbərlər
Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. BAKU...