Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verib
Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığımızı bildirirəm.
Düşüncələrimiz bu faciəvi hadisə nəticəsində yaxınlarını itirən ailələrin, yaralananların yanındadır. Bu çətin anda biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Qəzada xəsarət alanların tezliklə və tam şəfa tapmalarını arzulayır, bu kədərli anları yaşayan hər kəsə bir daha başsağlığı veririk.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 17:50
Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
BAKU.WS Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
*** 15:55
Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.
Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan XİN Monteneqroya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib. "Mo...