İlham Əliyev: "O zaman ölkəmiz çox gənc və kasıb idi"
"Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü".
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək” konfransında çıxışı zamanı söyləyib. Dövlət başçısı bildirib ki, bu, həqiqətən də humanitar fəlakət idi: "O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq, yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq".
İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan özü donor ölkədir: "Biz, Suriya qaçqınları da daxil olmaqla maliyyə yardımını təmin edirik. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib. Əfsuslar ki, o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur.
Lakin 1994-cü ildə atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir. Mən bu göstəriciləri nəyə görə sizin diqqətinizə çatdırıram?! Çünki ölkə yalnız sabitlik və sülh şəraitində inkişaf edə və böyük çətinliklərin öhdəsindən gələ bilər".
Prezident qeyd edib ki, Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır: "Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son on illikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa edilib və dediyim kimi, Azərbaycanda 100 faizlik savadlılıq səviyyəsinə nail olunub. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik.
Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir. Əminəm ki, bu gün apardığımız müzakirələr həmin siyasi həllin tapılmasında öz vacib rolunu oynayacaqdır. Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, yalnız atəşkəs şəraitində nail ola bilib".
İlham Əliyev əlavə edib ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik: "Biz Suriya qaçqınlarını qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, biz buraya sülhü və bu cür dəyərləri təşviq etmək üçün gəlmişik. Bu baxımdan Azərbaycan öz vacib rolunu oynamağa davam edəcəkdir".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Londonda “Suriyaya və regiona dəstək” konfransında (CANLI)
Bu gün Londonda "Suriyaya və regiona dəstək” konfransı işə başlayıb. BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük...