İlham Əliyev: "Azərbaycan humanitar fəlakətlə üzləşib"

İlham Əliyev: Azərbaycan humanitar fəlakətlə üzləşib
Siyasət 806

 

"Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilib". 

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışında söyləyib. Dövlət başçısı bildirib ki, Azərbaycan humanitar fəlakətlə üzləşib: "Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kasib ölkə idik. Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını baş düşürük. Eyni zamanda, biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-ci, 1993-cü illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar.

İlham Əliyev vurğulayıb ki, Ermənistan nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra olunmur. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ ilə üzləşirik. Söhbət aparıcı beynəlxalq təşkilatların qərarları və qətnamələrinə məhəl qoyulmamasından və buna görə heç bir cəzanın tətbiq edilməməsindən gedir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir və bu hərəkətinə görə heç bir təzyiqlə qarşılaşmır.

Bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir. Biz Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmlərini təkmilləşdirməliyik ki, ikili standartlara yol verilməsin. Çünki biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır ki, danışıqlar masasında heç bir irəliləyiş yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmirlər. Onlar imkanları olduğu qədər işğalçılıq siyasətini davam etdirmək istəyirlər və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər".

Prezident qeyd edib ki, işğal nəticəsində bizim tarixi, memarlıq və dini abidələrimiz məhv edilib: "Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir.

İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. "Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur".

İlham Əliyev əlavə edib ki, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb: "Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq Azərbaycan transformasiyada böyük uğura imza ata bilib".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər