İlham Əliyev: "Neftin kəskin ucuzlaşmasına baxmayaraq..."

İlham Əliyev: Neftin kəskin ucuzlaşmasına baxmayaraq...
Siyasət 997

 

"Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi təsdiq edilmiş cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaqdır".

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin XXIII Beynəlxalq "Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına məktubunda belə deyilir. 

Məktubda qeyd olunub ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və neft-qaz sənayesi sahəsində ənənəvi tədbirə çevrilmiş sərginin təşkilindən ötən müddətdə müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişə nail olmuşdur: "Bu gün dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin enerji ehtiyatları böyük əhəmiyyətə malikdir.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Hər biri nəhəng enerji layihəsi olan Azəri–Çıraq–Günəşli neft və Şahdəniz qaz yataqlarının işlənilməsi, Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri bunun bariz nümunəsidir. Hazırda uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin icrasında da Azərbaycan öz liderlik mövqeyini bir daha nümayiş etdirmişdir".

Azərbaycan Prezidentinin məktubunda bildirilib ki, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu çoxdan müzakirə mövzusu idi: "Məhz bizim təşəbbüsümüzlə 2012-ci ildə Türkiyə və Azərbaycan arasında TANAP qaz kəməri layihəsinə dair müqavilənin imzalanması sonrakı prosesləri xeyli sürətləndirdi. Nəticə etibarilə Trans–Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu seçildi, Cənub Qaz Dəhlizi layihəsinin icrasına başlanıldı və "Şahdəniz-2” layihəsinə start verildi.

Bu meqalayihənin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir. İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradacaq, dünya miqyasında enerji sahəsindəki proseslərə öz töhfəsini verəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

BAKU.WS

Son xəbərlər