Obama: Azərbaycan həlledici rol oynamağa davam edir
Azərbaycan dünya enerji resurslarının tədarüklərində həlledici rol oynamağa davam edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.
Sərginin açılışında oxunan məktubda deyilir ki, son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü idi və bütün bu müddət ərzində ABŞ enerji sahəsində Azərbaycan hökuməti ilə çox sıx işləyirdi.
Məktubda qeyd edilir: "Azərbaycan enerji resurslarının tədarükü proseslərində həlledici rol oynamaqda davam edir və bizim regional şaxələndirilmənin, bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərə nail olmağımızda etibarlı tərəfdaşıdır".
Məktubda bildirilir ki, indiki şəraitdə enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsi heç vaxt olmadığı qədər vacibdir: "Azərbaycan və onun tərəfdaşları ötən il ərzində "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olublar. Azərbaycan və onun beynəlxalq tərəfdaşları arasında gələcək əməkdaşlıq bu əhəmiyyətli layihənin rəqabət qabiliyyətini təmin edəcək".
Məktubda həmçinin qeyd olunur ki, ABŞ layihənin həyata keçirilməsində kömək göstərməyə hazırdır.
BAKU.WS
Oxşar xəbərlər
Prezident açılışa qatıldı
Bu gün Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi başlayıb. Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. "Caspian Oil &...