İlham Əliyev: “Bu, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğuladı. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlətimizin başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirdi.
Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd etdi. Qarşıda duran planlar barədə danışan dövlətimizin başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər.
"Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir”, - deyən Prezident İlham Əliyev ölkəmiz üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd etdi. Bildirdi ki, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var.
Dövlətimizin başçısı dedi ki, Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq. Prezident İlham Əliyev idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirdi. İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu vurğuladı.
Prezident İlham Əliyev hazırda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizdə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirdi, iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycanın tam qətiyyətli olduğunu qeyd etdi. Dövlətimizin başçısı kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas məsələ olduğunu vurğuladı.
Sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, "Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və "Societe Generale” şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva, "Holcim” şirkətinin nümayəndəsi Rosen Papazov, "Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, "PWC” şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çıxış edərək müxtəlif təkliflər irəli sürdülər.
Prezident İlham Əliyev yekun nitqində səslənən bütün təkliflərin ümumiləşdiriləcəyini bildirdi. Dövlətimizin başçısı kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd etdi. Prezident İlham Əliyev çıxışında maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirdi. "ASAN xidmət”in fəaliyyətinə toxunan dövlətimizin başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırdı. "Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”, - deyən Prezident İlham Əliyev "ASAN”ın Azərbaycan brendi olduğunu da vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.
BAKU.WS
Oxşar xəbərlər
Prezident təmas xəttindəki son hadisələrdən danışdı
Prezident İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə h...