Leyla Əliyeva: "İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq"

Leyla Əliyeva: İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq
Siyasət 1015

 

"8 ildə böyük işlər görmüşük. Bu gün həmin işlərə baxmaq olar. Bizim üçün əsas Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün dinlərə və xalqlara hörmətli münasibət və Rusiya cəmiyyətinə inteqrasiya olub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AMOR-un Moskvada keçieilən VII forumunda çıxışında deyib.

L. Əliyeva qeyd edib ki, təşkilatın üzvlərini birləşdirən Azərbaycana olan sevgidir: "Biz tədbirlərimizi  yaradıcılıq və sevgi ruhunda keçirməyə çalışırıq. Ən böyük nailiyyətimiz AMOR-un bütün Rusiya üzrə 60-dan çox regional bölməsinin olmasıdır. Çox xoşdur ki, bu gün bizi nəyinki tanıyırlar, həm də sevirlər".

O, Azərbaycan gəncliyinin öz tarixinə çox həssas yanaşdığını vurğulayıb: "Biz hər il dünyanın bir sıra ölkəsində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı faciəsinin qurbanlarına həsr olunan tədbirlər keçiririk. Gələn il bu dəhşətli faciənin 25 illiyidir. Çox vacibdir ki, dünya ictimaiyyəti bu hadisəyə hüquqi qiymət versin. Belə hadisələr bir daha təkrarlanmasın. Xocalı soyqırımını onlarla ölkə, ABŞ-ın bir neçə ştatı və İslam Əməkdaşlıq Təşkilatı tanıyıb. Lakin biz bununla kifayətlənməyəcək, səylərimizi davam etdirəcəyik. İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq".

AMOR-un ofisində xarici dilləri öyrənməyin mümkün olduğunu qeyd edən L. Əliyeva ofisdə tezliklə Azərbaycan dili kurslarının açılacağına ümidvar olduğunu da bildirib.

Azərbaycan və Rusiya arasında münasibətlərdən danışan AMOR sədri qeyd edib ki, iki ölkə qədim tarixə malik dostluq və mehriban qonşuluq telləri bağlayır: "Bizim ölkəmizdə rus dilinə yüksək qiymət verilir. Böyük rus mədəniyyətini, ədəbiyyatını, incəsənətini Azərbaycanda çox sevirlər. Ötən il AMOR Rusiyanın bir çox şəhərində keçirilən "Biz Böyük Qələbənin varisləriyik", "Ölməz alay" kütləvi aksiyalarında iştirak edib. Bu gün Azərbaycan müxtəlif forumların və konfransların keçirildiyi məkana çevrilib. Bizim ölkəmizdə dünyanın ən maraqlı tədbirləri keçirilir. "Eurovision", I Avropa Oyunları, "Formula-1" və Şahmat olimpiadası çox uğurla keçdi. Çox sevindiricidir ki, ölkəmizi hamı tanıyır, sevir və daha çox insan bizə qonaq gəlir".

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında AMOR-un rolunu yüksək qiymətləndirib: "Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri digər ölkə gəncləri ilə əməkdaşlığı, ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir".

Moskva Hökuməti yanında Milli siyasət və regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkov və Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov iki ölkə arasındakı münasibətlərdən, Rusiyada Azərbaycan gəncliyinin fəaliyyətindən danışıblar.

Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan dövlətinin milli gənclər siyasətindən söz açıb. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında azərbaycanlı gənclərin müxtəlif tədbirlər keçirməklə Rusiya cəmiyyətinə inteqrasiya etdiyini vurğulayıb: "Bu, çox vacibdir. AMOR-un fəaliyyəti, həyata keçirdiyi tədbirlər göz qabağındadır".

Tədbirdə Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələr, AMOR-un fəallarına sertifikat və diplomlar verilib.

Forum işini plenar iclaslarla davam etdirib. 

Tədbirin sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı təşkil olunacaq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər