Lavrov Qarabağ danışıqları ilə bağlı bu gün Bakıya gəlir
Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıya səfəri başlayır. ANS PRESS-in məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.
Lavrovun Bakıya daha əvvəl səfəri gözlənilirdi. İyulun 4-də Ermənistanda səfərdə olan Lavrov burada erməni həmkarı Edvard Nalbandyan və prezident Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardı.
İrəvandan sonra Lavrov Azərbaycana gəlməli idi. Bu barədə açıqlamalar da verilmişdi. Lakin Rusiya xarici siyasətinin rəhbəri anidən Bakıya yox, Moskvaya getdi. Müəmmalı qərar mətbuatda müzakirələr səbəb oldu.
Lavrovum səfərindən bir gün əvvəl isə iyunun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bəyan etdi ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir.
"Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”, - deyən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirmişdi ki, Lavrovun İrəvandan Bakıya gəlməməsinin səbəblərindən biri onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi ilə razılığa gələ bilməməsidir.
"Ermənistan rəhbərliyi özlərinin istədiyi müddəaları qəbul etdirməyə çalışırlar. Əvvəl Dağlıq Qarabağı Ermənistana bağlayan Laçın dəhlizi var idi. Amma hazırda Ermənistandan Ağdərə rayonuna yeni bir yol çəkiblər. Həmin yolların ətrafında isə 15 km-lik bufer xəttinin yaradılmasını istəyirlər. Azərbaycan tərəfi isə daha az məsafənin veriləcəyini deyir. Burada isə mübahisəli məqamlar yaranır. Birmənalı olaraq İrəvan Laçın və Kəlbəcərin geri qaytarılmasında maraqlı deyil", - deyə politoloq vurğulayıb.
Qabil Hüseynli Azərbaycan tərəfinin bu rayonları güzəşdə getmək istəmədiyini deyib.
"Rəsmi İrəvan Dağlıq Qarabağın keçici statusu ilə bağlı da reallaşmayacaq fikirlər səsləndirir. Çox ehtimal ki, Lavrov Ermənistan rəhbərliyi ilə bu məsələlərdə razılığa gələ bilmədiyi üçün Bakı səfərini reallaşdırmadı”, - deyə politoloq bildirib.
Qabil Hüseynli deyib ki, Lavrov Moskva Vladimir Putinlə məsləhətləşmələr apardıqdan sonra da Bakıya gələ bilər.
Yeri gəlmişkən, gələn ay Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana səfəri gözlənilir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ANS-ə bildirib ki, prezident Bakıya əliboş gəlməyəcək.
BAKU.WS
Oxşar xəbərlər
Lavrovun Azərbaycan səfərinin tarix açıqlandı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana gələcək. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi...