Laçında N saylı hərbi hissədə xidmət şəraiti və döyüş hazırlığı ilə tanışlıq olub - REPORTAJ

26 avqust – Laçın Günü ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Laçın rayonuna səfər ediblər. Səfər çərçivəsində jurnalistlər Laçın rayonunda N saylı hərbi hissədə olub, əsgər və zabit heyətinin xidmət şəraiti, döyüş hazırlığı və gündəlik fəaliyyəti ilə yaxından tanış olublar.
Media nümayəndələrinə hərbi hissədə yaradılan şərait barədə ətraflı məlumat verilib. Əsgərlərin qidalanması, sanitar-gigiyenik normaların təmin olunması, yataqxana şəraiti və digər sosial-məişət məsələləri ilə bağlı vəziyyət yerində araşdırılıb. Məlum olub ki, şəxsi heyətin gündəlik menyusu balanslaşdırılmış şəkildə tərtib olunur – menyuda sulu yeməklər, tərəvəzlər, meyvələr və digər zəruri ərzaqlar yer alır. Eyni zamanda, hərbi hissədə təmizlik və nizam-intizam yüksək səviyyədə təşkil olunub.
Media nümayəndələri həmçinin snayper hazırlığı üzrə məşğələləri izləyiblər. Snayperlərin döyüş hazırlığı, tətbiq etdikləri taktiki üsullar və fiziki hazırlıq səviyyəsi barədə məlumatlar təqdim olunub.
Müasir döyüş texnologiyalarına baxmayaraq snayperlərin döyüş meydanındakı əhəmiyyətini vurğulayan hərbi qulluqçu BAKU.WS-ə bildirib ki, "gedən döyüşlərdə bir hədəfin məhv olunması üçün tonlarla metal və xeyli vəsait sərf olunduğu halda, snayperlər bu işi bir neçə qram metal vasitəsilə yerinə yetirirlər. Snayperlər xüsusi təyinatlı döyüşçülərdir. Onların fəaliyyəti qeyri-standart, təhlükəli və fiziki cəhətdən olduqca ağırdır".

Daha sonra jurnalistlər hərbi hissənin yataqxana şəraiti, şəxsi heyətin istirahət və fiziki hazırlıq saatlarında gördüyü işlərlə də tanış olublar. Məlum olub ki, əsgərlər günün nizam-intizam qaydalarına uyğun olaraq istirahət edir və ailələri ilə görüş imkanı əldə edirlər.
Media nümayəndələri səfər zamanı Laçın şəhərinin mərkəzinə də baş çəkiblər. Bu ərazi təkcə strateji baxımdan deyil, həm də ekoloji və turizm potensialı ilə diqqət çəkir.
Bərpa-quruculuq işləri nəticəsində şəhərdə infrastrukturun yenidən qurulması və bölgənin turizm potensialının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda burada həm mülki əhalinin, həm də xidmət aparan şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə yaşaması üçün zəruri infrastruktur təmin olunur.
Qalereya
Oxşar xəbərlər
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev...
