İranla gərginlik fonunda ABŞ-də benzin qiyməti son iki ilin rekordunu vurdu

İranla gərginlik fonunda ABŞ-də benzin qiyməti son iki ilin rekordunu vurdu
Siyasət 50

İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ABŞ-də benzin qiymətləri bir həftə ərzində 14% artaraq, 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri qeyri-kommersiya təşkilatı olan ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən bildirib.

Bildirilir ki, martın 7-də ABŞ-də benzinin orta qiyməti qallon üçün 3.41 dollara çatıb.

Nəşr vurğulayıb ki, yanacaq qiymətləri 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb və artmağa davam edəcək. Belə ki, WTI markalı neftin bareli sonuncu dəfə 90.9 dollara satıldığı zaman ABŞ-də benzinin qiyməti qallon üçün təxminən 3.8 dollar təşkil edirdi.

NYT vurğulayıb ki, benzin qiymətləri yaxın gələcəkdə düşsə belə, hazırkı artımın ABŞ istehlakçılarına iqtisadi təsiri uzunmüddətli olacaq.

Ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərsinin qiyməti 10%-dən çox artıb və 29 sentyabr 2023-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 94 dolları keçib. WTI markalı neftin 2026-cı ilin aprel ayında çatdırılma ilə füçersləri bir barel üçün 92.37 dollar (+14.02%) təşkil edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Son xəbərlər