İran Ermənistanı küncə sıxışdıra bilər?

İran Ermənistanı küncə sıxışdıra bilər?
Video
Siyasət 21

İran Zəngəzur məsələsi ilə bağlı dəfələrlə "bu, bizim qırmızı cizgimizdir", "müəyyən problemlər yarada bilərik" və buna bənzər açıqlamalar verib. Sanki köhnə xəttin yenidən gündəmə gətirilməsinin şahidi oluruq ki, bu da kifayət qədər ciddi suallar doğurur.

Bu fikirləri Baku TV-də yayımlanan "Aktual gündəm" verilişində REAL Partiyasının sədri Natiq Cəfərli səsləndirib.

O bildirib ki, texniki baxımdan İranın bu layihəyə necə mane ola biləcəyi əsas müzakirə mövzusudur:

"Burada söhbət Ermənistan ərazisindən keçən yoldan və Ermənistanla ABŞ arasında bağlanmış müqavilədən gedir. Bu müqavilənin icrasına necə mane olmaq mümkündür?

Qoşun yeritmək variantı real görünmür. Belə bir addımın atılması mümkün deyil. Əlbəttə, Ermənistan üzərində siyasi və iqtisadi təzyiq göstərilməsi ehtimalı nəzərdən keçirilə bilər. Lakin burada başqa bir sual ortaya çıxır: əgər İranın təzyiqi qarşısında Ermənistan ABŞ-dən daha güclü siyasi və iqtisadi dəstək alarsa, onda nə baş verəcək? Ermənistan İranın təzyiqinə boyun əyəcək, yoxsa ABŞ-nin dəstəyinə arxalanaraq layihəni həyata keçirməyə çalışacaq?

Bu səbəbdən bəyanatları bir kənara qoyaraq texniki baxımdan sahədə hansı alətlərin mövcud olduğunu analiz etmək lazımdır".

Natiq Cəfərli vurğulayıb ki, İran Ermənistanın qaz istehlakının təxminən 20 faizini təmin edir:

"İran bu qazın verilməsini dayandıra bilər. İran hər il Ermənistana təxminən 350-400 milyon kubmetr qaz satır. Bu həcmi əvəz etmək mümkündürmü? Bəli, mümkündür. Ən azı Azərbaycan bunu təmin edə bilər. Çünki sovet dövründən qalan boru xətləri və kommunikasiya infrastrukturu mövcuddur. Hətta bir müddət əvvəl "Qazprom"la birlikdə eksperimental revers qaz layihəsi həyata keçirilmiş, həmin xətlərin texniki vəziyyəti yoxlanılmışdı. Deməli, 300-400 milyon kubmetr qaz o qədər də böyük həcm deyil və bu təzyiq mexanizmini neytrallaşdırmaq mümkündür.

İkinci təzyiq vasitəsi Ermənistan məhsullarının İrana ixracına məhdudiyyət qoyulması ola bilər. Ancaq ticarət dövriyyəsinə baxdıqda görünür ki, Ermənistanın İrana ixracında spirtli içkilərin payı demək olar ki, yoxdur, meyvə-tərəvəz ixracı isə yox səviyyəsindədir. Bu məhsulların əsas bazarı Rusiyadır.

Ermənistanın İrana satdığı əsas məhsullar kimya və mədən sənayesi məhsullarıdır ki, onların da həcmi böyük deyil. Əksinə, İranın Ermənistana ixracı təxminən beş dəfə çoxdur. Belə olan halda, əgər İran Ermənistana məhdudiyyət tətbiq etsə və Ermənistan da adekvat cavab olaraq eyni addımı atsa, iqtisadi baxımdan daha çox zərər çəkən tərəf yenə də İran ola bilər".

Son xəbərlər