İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb
Cənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb.
Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm də İranın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsidir.
BAKU.WS xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
Azərbaycanın İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşdığını vurğulayan deputat deyib: "Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmayıb, yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara baxmayaraq İranın daxili işlərinə qarışmayıb, bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Ölkəmiz habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmayıb. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki, bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun".
X.Fətiyev qeyd edib ki, fevralın 28-dən başlanan məlum hadisələrdən sonra da Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinin telefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud Pezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar başsağlığı verib. Həmçinin Prezident İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyində olub, Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib. Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İran dövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedən çıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumu ilə bağlı Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycan ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.
Deputat hesab edir ki, İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun terrorçu simasını ortaya qoyur. İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin və terrorçu hərəkətlərə yol verib. Azərbaycan dövlətinin Vətən müharibəsindəki Qələbəsini, torpaqlarını işğaldan azad etməsini həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərək Azərbaycanı təhdid edən İranda 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir. Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehranda səfirliyimizə edilən xain və terrorçu hücumda məqsəd, elə Azərbaycana qarşı terror törətmək idi.
"Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularına qarşı heç vaxt riyakar və qərəzli mövqe tutmayıb. Əksinə dövlətimiz həmişə dar gündə qonşularına kömək göstərib. Respublikamız İrana da humanitar yardım göndərməyi planlaşdırırdı. Lakin bütün bunların müqabilində İran Azərbaycana qarşı namərdlik etdi. İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu, nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyata keçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. Əlbəttə Azərbaycan məsələni cavabsız qoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq", - deyən X.Fətiyev fikirlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücuml...