İlham Əliyevin Xocalıya səfəri dərin simvolik məna ifadə edir

İlham Əliyevin Xocalıya səfəri dərin simvolik məna ifadə edir
Siyasət 33

Prezident İlham Əliyevin Xocalıya səfəri yalnız rəsmi xarakter daşımır, həmçinin dərin simvolik məna ifadə edir. Xüsusilə də faciənin ildönümündə dövlət başçısının vaxtını məhz Xocalı sakinləri ilə keçirməsi xüsusi əhəmiyyət kəsb edir.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O bildirib ki, bu səfər həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesaj idi: Azərbaycan xalqı Xocalı faciəsini unutmayıb və heç vaxt unutmayacaq. Bu hadisə xalqımızın qan yaddaşında yaşayır və biz həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

"Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, artıq 20-dən çox ölkə Xocalı faciəsini rəsmi şəkildə tanıyıb. Bu, uzun illər aparılan ardıcıl diplomatik fəaliyyətin və beynəlxalq hüquq müstəvisində görülən işlərin nəticəsidir.

Eyni zamanda vurğulandı ki, bu cinayəti törədən şəxslər cəzasız qalmayıb və Azərbaycan dövləti öz ədalətini bərpa etməyə nail olub. Bu, həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki ədalətin bərpası xalqın mənəvi yaralarının sağalmasına da xidmət edir", - deyə F.İsmayılzadə əlavə edib.

Deputat qeyd edib ki, digər bir mühüm məqam Xocalı Soyqırımı Memorialının inşası və istifadəyə verilməsidir. Bu, təkcə bir memarlıq abidəsi deyil, həm də tarixi yaddaşın əbədiləşdirilməsi deməkdir. Memorial gələcək nəsillərə bu faciəni unutmamaq, onu düzgün dərk etmək və tarixi həqiqətləri olduğu kimi öyrənmək imkanı verəcək.

"Xocalıya sakinlərin qayıdışı və orada həyatın yenidən başlaması da xüsusi önəm daşıyır. Bildiyimiz kimi, bu gün Qarabağ, xüsusilə də Xocalı yenidən dirçəlir, yenidən qurulur və inkişaf edir. Uzun illər işğal altında qalmış torpaqlarda həyatın canlanması Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin bariz nümunəsidir", - deyə F.İsmayılzadə diqqətə çatdırıb.

Son xəbərlər