İbrohim Abdurahmonov: "Özbəkistan Azərbaycan təcrübəsi əsasında zeytun və fındıq yetişdirmək niyyətindədir"

İbrohim Abdurahmonov: Özbəkistan Azərbaycan təcrübəsi əsasında zeytun və fındıq yetişdirmək niyyətindədir
Siyasət 14

Özbəkistanda azərbaycanlı mütəxəssislərlə birgə zeytun və fındıq yetişdirilməsi imkanları öyrənilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın kənd təsərrüfatı naziri İbrohim Abdurahmonov "Özbəkistan 24" telekanalına bildirib.

"1200-dən çox ting artıq xüsusi bağlarda sınaqdan keçirilir. Hazırda alimlər onların bizim (Özbəkistandakı - red.) iqlim şəraitimizə uyğunlaşması üzrə işləyirlər", - o deyib.

Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında sıx əməkdaşlıq qurulub və aidiyyəti qurumlar demək olar ki, hər gün qarşılıqlı fəaliyyət göstərirlər.

O, kənd təsərrüfatı risklərinin sığortalanması sisteminin tətbiqini əsas istiqamətlərdən biri adlandırıb. Onun sözlərinə görə, Özbəkistan Azərbaycanın təcrübəsini öyrənib, onu milli şəraitə uyğunlaşdırıb və artıq müvafiq qanunvericilik normalarını qəbul edib.

"Meyvə-tərəvəz məhsullarının ixracını fəal şəkildə inkişaf etdiririk. İlin əvvəlindən ölkələr arasında əmtəə dövriyyəsi təxminən 70 % artıb. Bakıda Özbəkistan meyvələri, tərəvəzləri və quru meyvələrini təqdim etdiyimiz ticarət evləri açılıb. Azərbaycan tərəfi bunun üçün geniş imkanlar yaradır", - İ. Abdurahmonov vurğulayıb.

O qeyd edib ki, Özbəkistan Füzulinin və ümumilikdə Azərbaycanın Qarabağ bölgəsinin bərpası proqramı çərçivəsində 100 hektar sahədə nar bağının salınmasında iştirak edir: "Eyni zamanda Nəməngan vilayətində məhsulları Azərbaycan bazarına yönəldiləcək böyük bağın yaradılması üzrə yeni layihəyə başlanılıb".

Son xəbərlər