Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? - RƏSMİ CAVAB

Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? - RƏSMİ CAVAB
Siyasət 25377

Qarabağın işğaldan azad olunması ilə əlaqədar sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatında iştirak etmiş və Müharibə veteranı statusunu almış hərbçilər 80 manat müavinət alacaqlar.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Müavinət alacaq hərbçilərin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.

Müharibə veteranı vəsiqəsini hansı orqan verir?

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır?

Birdəfəlik sığorta ödənişi - hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);

Prosedur: Xəarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Müharibə veteranı vəsiqəsi ƏƏSMN-in yerli strukturuna təqdim edilir, oradan təqaüd təyinat aparılaraq ödənişə göndərilir.

Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;

Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Qeyd edək ki, müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.

Son xəbərlər