"Haber Global" İlham Əliyevin doğum günü münasibətilə süjet hazırladı: "O, tarix yazdı"

Haber Global İlham Əliyevin doğum günü münasibətilə süjet hazırladı: O, tarix yazdı
Video
Siyasət 16

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə xüsusi süjet hazırlayıb.

BAKU.WS xəbər verir ki, videomaterialda İlham Əliyevin liderliyi, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi nailiyyətlər, eləcə də Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə verdiyi önəm xüsusi vurğulanıb.

Süjetdə qeyd olunur ki, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsinə sahib çıxan İlham Əliyev ölkəsini öz torpaqlarına qovuşduraraq 30 illik həsrətə son qoyub. "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olarıq" fikrini hər platformada səsləndirən Prezident Əliyev Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı iki ölkə münasibətlərinin dəyişməz və getdikcə möhkəmlənən əsas dayağına çevirib. Atasından miras qalan "Bir millət, iki dövlət" konsepsiyası isə onun dövründə rəsmi dövlət siyasəti səviyyəsinə yüksəlib.

Telekanal İlham Əliyevin Qarabağ zəfəri ilə Azərbaycanın regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayır. Bildirilib ki, Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi zamanı 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edərək tarixi qələbəyə imza atıb. Bununla da 30 illik işğal dövrünə son qoyulub, Cənubi Qafqazda siyasi və hərbi balans dəyişib və yeni mərhələnin əsası qoyulub.

Süjetdə Prezident İlham Əliyevin diplomatik sahədəki uğurlarına da xüsusi yer ayrılıb. Qeyd olunur ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən tarixi Sülh Zirvəsi Azərbaycanın hərbi və siyasi nailiyyətlərinin beynəlxalq hüquq müstəvisində yeni mərhələyə keçidini təmin edib. Bu proses Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Materialda İlham Əliyevin iqtisadi sahədə həyata keçirdiyi irimiqyaslı islahatlara da diqqət çəkilir. Xüsusilə, enerji siyasətinin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini daha da gücləndirdiyi vurğulanır. Bildirilir ki, Avrasiyanın enerji xəritəsi məhz onun prezidentliyi dövründə yenidən formalaşıb və Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkə kimi strateji mövqeyini möhkəmləndirib.

Sonda "Haber Global" İlham Əliyevi Azərbaycanın "son 20 ildəki böyük inkişafının memarı" adlandırır və onun rəhbərliyi ilə ölkənin müstəqil, güclü və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini xüsusi qeyd edir.

Son xəbərlər