Gürcüstanlı 20 Yanvar şəhidinin qohumu Azərbaycana könüllü döyüşə yollanmaq istəyir

Gürcüstanlı 20 Yanvar şəhidinin qohumu Azərbaycana könüllü döyüşə yollanmaq istəyir
Siyasət 266

Gürcüstanın bir sıra azərbaycanlı gəncləri Azərbaycana könüllü hərbi xidmətə yollanmaq üçün hazırlıqlarını ifadə ediblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Marneuli sakini olan Fərid Mursaqulov bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənova müraciət edib.

Gənc Azərbaycan Ordusunun sıralarına necə yazıla biləcəyi barədə maraqlanıb. D.Həsənov ona vətənpərvərliyinə görə minnətdarlığını bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanda Ermənistanla sərhəddə baş verən son toqquşmalarla bağlı səfərbərliyin elan olunmasına ehtiyac yaranmayıb. Diplomat F.Mursaqulova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə onlayn müraciət etməyi tövsiyə edib.

Azərbaycanlı gənc “Report”un müxbiri ilə söhbətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi və insan tələfatları ilə nəticələnən son təxribatlardan Gürcüstan azərbaycanlıları böyük narahatlıq keçirirlər: “Azərbaycan bizim mənəvi Vətənimizdir. Ümummilli səfərbərlik elan olunsa, mən və bir çox dostlarım ön cəbhəyə getməyə hazırıq”.

F.Mursaqulov 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun qohumu olduğunu söyləyib: “İsmayıl Mursaqulov babamın qardaşı olub. Vətənin bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmaq böyük şərəfdir”.

Son xəbərlər