Fransanın qərəzi və riyakarlığı - Makron hökuməti Əlcəzairi qisasla hədələyir

Bu gün Fransa dünyanın müxtəlif ölkələrində sabitliyə təhlükə kimi görünür. Keçmiş müstəmləkələrindən qovulsa da, həmin ərazilərdən əl çəkmək istəmir. Rəsmi Paris vaxtilə Niger, Ruanda, Mali, Afrikanın və Asiyanın başqa ölkələrindəki vəhşi, irqçi, müstəmləkəçi siyasətini davam etdirməkdə israrlı görünür. Ölkələrin daxili işlərinə qarışır, casus şəbəkəsi qurur, bunların üstü açıldıqda isə bütün təzyiq vasitələrini işə salır.
Fransanın xarici işlər naziri Jan-Noel Barro Əlcəzair hökumətinin 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına sərt cavab veriləcəyini bəyan edib. "Le Figaro" qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən yazıb ki, Əlcəzair 12 diplomatın 48 saat ərzində ölkə ərazisini tərk etmələrini istəyib.
Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Əlcəzair bu addımı Fransa ərazisində qanun pozuntusunda şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanılmasına cavab olaraq atır. Həmin şəxslər aprelin 11-də saxlanılıblar.
Bu iki ölkə arasında münasibətlərdə gərginlik yeni deyil. Ortada xeyli fakt var. Məsələn, bundan əvvəl prezident Emmanuel Makron mübahisəli Qərbi Sahara regionunun Mərakeşin suveren ərazisi olduğunu elan edib. Bu da münasibətləri gərginləşdirib. Əlcəzair bu addıma etiraz olaraq Parisdəki səfirini geri çağırıb.
Makron bildirmişdi ki, Fransa Qərbi Saharada 1976-cı ildən bəri səngiməyən münaqişənin həlli ilə bağlı Mərakeş planını dəstəkləyir.

Xatırladaq ki, Mərakeş, Əlcəzair və Mavritaniya ilə həmsərhəd olan bu ərazi 1976-cı ildə ispanların keçmiş müstəmləkələrini tərk etdikdən sonra "İspan Saharası"nın yerində qurulmuşdu. 266 min kvadratkilometrlik ərazi Mərakeş və Mavritaniya arasında bölünmüşdü. Bununla belə, o zaman yaradılan "Polisario Qurtuluş Cəbhəsi" üsyançı hərəkatı 1976-cı ildə "Sahara Ərəb Demokratik Respublikası"nı elan etmişdi. Üsyançıların təzyiqi ilə Mavritaniya 1979-cu ildə qoşunlarını geri çəkmiş və nəticədə ərazinin 80 faizi hərbi cəhətdən daha güclü olan Mərakeş Krallığının nəzarəti altına keçmişdi.
"Polisario Cəbhəsi" hazırda yalnız Mavritaniya sərhədi boyunca əraziyə və Əlcəzairlə sərhəddəki dar bir zolağa nəzarət edir. O vaxtdan həmin ərazi Əlcəzair və Mərakeş arasında münasibətlərə mənfi təsir göstərir.
Münasibətlərdə gərginliyin əzəli səbəbi kimi Fransanın Əlcəzairdə törətdiyi soyqırımına görə üzrxahlıq etməməsi də var. Artıq bu yaxınlarda Əlcəzair Milli Xalq Assambleyasında Fransa müstəmləkəçiliyini cinayət hesab edən qanun layihəsi hazırlamaq üçün parlament komissiyası yaradılıb. Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət məsuliyyətinə cəlb edən qanun layihəsinin hazırlanması prosesinə rəsmən yenidən başlayıb.
Əlcəzair Assambleyası vəkil Əli Bumencelin işgəncə altında öldürülməsi də daxil olmaqla, rəsmi Fransa tərəfindən gec etiraf edilən bir sıra müstəmləkə cinayətlərini xatırladıb. Bildirilib ki, vəkilin ölümünün ona verilən işgəncənin nəticəsi olduğunu 2021-ci ilin martın 2-də Fransa prezidenti Emmanuel Makron da etiraf edib. Bu cinayətə əlavə olaraq, Əlcəzair Parlamentinin aşağı palatası yüzlərlə əlcəzairlinin mağaralarda diri-diri yandırıldığı Dahradakı tüstülü hücumları (1845), bioloji silahların tətbiqi ilə Laghuat cinayətlərini (1852), 8 May 1945-ci il qırğınlarını, 45 mindən çox şəhidi, eləcə də Qərbdə Mərakeş və Şərqdə Tunislə olan sərhədlər boyunca milyonlarla piyada əleyhinə mina yerləşdirildiyini xatırladıb.

1954-cü ildən 1962-ci ilə qədər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə 1 milyon əlcəzairli həyatını itirmişdi.
Ölkələr arasında münasibətlərin pisləşməsində Makronun uğursuz siyasəti əsas götürülməlidir. Afrikadakı müstəmləkələrindən qovulan Fransanın uğursuzluqları ard-arda davam edir. Bütün bunlar da prezidentin reytinqinə təsirsiz ötüşmür. Keçirilən rəy sorğularının nəticələrinə görə, onun reytinqi 26%-ə düşüb. Bloomberg-in qeyd etdiyi kimi, bu, ötən ayla müqayisədə bir faiz bəndi azalma deməkdir.
Qeyd olunur ki, fransızların təxminən 22%-i Makrona müsbət, əlavə 4%-i isə çox müsbət münasibət bəsləyir. Eyni zamanda, 41% prezidentə "çox mənfi" münasibət bəsləyir. Həmçinin, Baş nazir Fransua Bayrunun dəstək reytinqi də bir faiz bəndi azalaraq 24% təşkil edib. Bundan əlavə, Fransa vətəndaşlarının Ukrayna və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, beynəlxalq böhranlara narahatlığı azalır. Ötən ay bu məsələlərdə fransızların narahatlığında kəskin artım qeydə alınmışdı. Eyni zamanda, ifrat sağçılara dəstək dəyişməz olaraq qalıb.
"Milli Birlik" partiyasının lideri Jordan Bardellanın populyarlığı 34% səviyyəsində qalıb, siyasi qüvvənin faktiki lideri Marin Le Pen isə dəstəyini 33%-ə qədər artırıb.

Rəsmi Parisin Əlcəzairə yaşatdıqları Azərbaycanda, eləcə də, Türkiyədə Fransanın casus şəbəkəsinin faş olunması faktını yada düşür. Ötən il Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayılmışdı. Hadisələrin məntiqi ardıcıllığı olaraq, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin 2 əməkdaşı diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə "persona-non-grata" elan olundu, onlardan 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edildi.
Eyni əməliyyat Türkiyədə də həyata keçirilmişdi. Milli Kəşfiyyat Təşkilatı Fransanın ölkədəki casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Onların suriyaəsilli olduqları qeyd edilib.
Əlcəzairdə baş verənlər isə onu göstərir ki, Fransa geosiyasi və geoiqtisadi maraqlara malik olduğu ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirməyə çalışır. Ən əsası, baş verənlər göstərir ki, Fransa törətdiyi cinayətlərə görə üzr istəmək fikrində deyil. Əksinə, həmin ərazilərdə nəyin bahasına olursa-olsun qalmağa çalışır. Təəssüf doğuran isə bütün bunların dünya birliyinin susqunluğu altında baş verməsidir.
"Report" İnformasiya Agentliyi

Oxşar xəbərlər
Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir
Dekolonizasiya prosesində Azərbaycanın liderliyi yeni mərhələnin əsasını qoydu. Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT-nin Afrikaəsilli xalqların daimi...