Ceyhun Bayramov Azərbaycan araşdırmaları üzrə dördüncü Avropa Konfransında çıxış edib

Ceyhun Bayramov Azərbaycan araşdırmaları üzrə dördüncü Avropa Konfransında çıxış edib
Siyasət 6

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyana şəhərində keçirilən Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransının yüksəksəviyyəli dialoqunda çıxış edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2022-ci ildən etibarən hər il keçirilən konfrans bu il Avropanın 12 ölkəsindən aparıcı araşdırma və beyin mərkəzləri, universitetlərini təmsil edən tədqiqatçı, ekspert və ictimai rəy liderlərinin iştirakı ilə baş tutub.

Tədbirin yüksəksəviyyəli dialoqunun əsas natiqi qismində çıxış edən xarici işlər naziri konfransın müsbət ənənəyə çevrildiyini, tədbirin ölkəmizə, onun xarici siyasətinə və Cənubi Qafqazdakı roluna artan marağın göstəricisi olduğunu qeyd edib.

Nazir ötən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü mühüm diplomatik təşəbbüslər barədə məlumat verib, səylərin regional və beynəlxalq əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, avqustun 8-də baş tutmuş Vaşinqton sammiti və onun nəticələri, ölkəmizin COP29, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli platformalara uğurlu sədrliyi haqqında məlumat verən nazir bu təşəbbüslərin Azərbaycanın regional liderlik statusunun göstəricisi olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycanın qalib tərəf kimi sülh təşəbbüsü ilə çıxış etməsinə diqqət çəkən C.Bayramov 30 ildən çox nəticəsiz fəaliyyət göstərən Minsk qrupu və əlaqədar strukturların ləğvinin ölkə başçısının uzaqgörən strategiyasının nəticəsi olduğunu qeyd edib və bunun regionda dayanıqlı sülh üçün əhəmiyyətli addım olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov ölkəmizin ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və qonşu ölkələrlə münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan nazir Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində Avropanın strateji və etibarlı tərəfdaşı olduğuna diqqət yönəldib. Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının artan dinamikasını, bunun Orta dəhlizin inkişafı üçün əhəmiyyətini vurğulayan nazir bu baxımdan da Azərbaycanın Avropa üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə müstəqil, bərabərhüquqlu və suveren maraqlardan irəli gələn əməkdaşlıq həyata keçirdiyini bildirən C.Bayramov ölkəmizin Avropa ilə əlaqələrinin də məhz bu müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, indiyə qədər Azərbaycan tədqiqatları üzrə Avropa konfranslarında iştirak etmiş 100-ə yaxın tədqiqatçını sıralarında birləşdirən ekspert şəbəkəsi Avropa akademik məkanında Azərbaycan üzrə araşdırmalar sahəsində mütəmadi fəaliyyət aparmaqdadır. Konfransın builki müzakirələri Cənubi Qafqazda sülh gündəliyi, postmünaqişə dövründə Azərbaycanın artan geosiyasi rolu, Orta dəhlizin qlobal iqtisadiyyatda rolu və Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək perspektivləri mövzuları ətrafında aparılıb.

Son xəbərlər