Fərid Səfərlinin anası prezidentə təşəkkür etdi

Fərid Səfərlinin anası prezidentə təşəkkür etdi
Foto
Siyasət 333

İranda həbsdən azad olunub Azərbaycana gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

BAKU.WS xəbər verir ki, bu sözləri Dilarə Əsgərova özünün "facebook" hesabında yazıb.

Bildirib ki, oğlunun azad olunmasında ölkə rəhbərinin böyük rolu olub:

"Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehranda səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm".

Fərid Səfərlinin anası qeyd edib ki, başına gələnlər oğlunu dərin depressiya vəziyyətinə salıb:

"Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək".

Anası oğlunun azadlığa çıxması məsələsinin 23 ay ərzində həll edilməsini uöur kimi qiymətləndirib.

"ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm", - o deyib.

Qeyd edək ki, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib. Sonrada məlum olub ki, Fərid Səfərli Azərbaycanda casusluğuna görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.

***12:52

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı Facebook səhifələrini "eyni sözlər"dən ibarət şərhlərlə doldurmağa başladılar.

Şərhlərdə əsasən, "Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı" bildirilir.

Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində.

Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.

Son xəbərlər