Fələstinin Azərbaycandakı səfiri: “Qəzzanı növbəti həftələrdə daha ağır faciələr gözləyir” - MÜSAHİBƏ + FOTO

Fələstinin Azərbaycandakı səfiri: “Qəzzanı növbəti həftələrdə daha ağır faciələr gözləyir” - MÜSAHİBƏ + FOTO
Siyasət 0

“75 ildir davam edən bu münaqişə bir anda dayana bilər. Əgər İsrail işğala son verərsə, işğal edilən Fələstin torpaqları geri qaytarılarsa və Fələstin Dövlətinin sabitliyi üçün şərait yaradılarsa, bu baş verər”.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab səfir, HƏMAS-ın İsrailə hücumu hansı səbəblərdən baş verib?

- Sizi Fələstin Dövlətinin səfirliyində salamlayıram. Oktyabrın 7-də baş vermiş hadisəyə münaqişənin kontekstində baxmaq lazımdır. Bu hadisənin kökləri oktyabrın 7-dən başlamır. Onun kökləri 75 il bundan əvvələ - Fələstin xalqının bəşəriyyətin müasir tarixində ən uzunsürən işğal nəticəsində planlı şəkildə etnik təmizləməyə məruz qalmağa başladığı tarixə gedib çıxır. İsrail hər gün uşaqları, Fələstin vətəndaşlarını qətlə yetirir, onların torpaqlarını müsadirə, qəsb edir, ərazilərimizdə yeni yəhudi məskənləri tikir, biz onları müstəmləkə məskənləri hesab edirik, orada müstəmləkəçiləri, onlara görə isə yeni məskunlaşanları yerləşdirir. Bu məskənlərin sakinləri isə İsrail cəmiyyətində ən radikal şəxslərdir. Bu da beynəlxalq hüquqa görə özlüyündə müharibə cinayətidir. 1993-cü ildən bəri onların sayı dörd dəfə artıb.

Qəzza 17 ildir blokadadadır. İsrail Qəzzada hər şeyə nəzarət edir. Fələstinin Qəzza üzərində nə havada, nə dənizdə suverenliyi var. İsrail Qəzzadakı vətəndaşların gediş-gəliş üçün istifadə etdikləri sərhəd-keçid məntəqələrini planlı şəkildə bağlayır. Bütün bunlar Fələstin xalqına planlı şəkildə təzyiq deməkdir. Həmçinin İsrail bütün bu illər ərzində Fələstində məktəblərə, bəzən hətta xəstəxanalara, digər mülki məkanlara hücum edir.

İşğal özlüyündə zorakı əməldir. İşğal terror formalarından biridir. Fələstin xalqı 1963-cü ildən bəri davam edən İsrail işğalı ilə barışmır. İşğal zorakılıqla hər gün davam etdirilir. Fələstinlilər 1993-cü ildə İsraili tanıyıblar. Fələstin öz tarixi ərazilərinin yalnız 22 faizi üzərində, Şərqi Qüdslə birlikdə Fələstin Dövlətinin təsis edilməsi şərti ilə İsraillə sülh yaradılmasını qəbul etmişdi. Lakin dünya dövlətlərinin üçdəikisindən çoxu Fələstin Dövlətini tanısa da, İsrail tanımadı. Dediyim kimi, hər gün baş verən hadisələr, qətl, torpaqların qəsbi, həmçinin Qəzzanın sahil sularına və həyatın bir çox sahəsinə nəzarət, İsrailin Qəzzaya, İordan çayının qərb sahilinə, Qüdsə davam edən basqınları – bütün bunlar bugünkü hadisələrin əsas səbəbləridir. Bizdə deyilir: “İsrailin Fələstin insanının həyatında nəzarət etmədiyi yeganə şey hələ ki, insanların nəfəs aldığı havadır. Görünür, insanların nəfəs aldıqları havaya nəzarət etmək üçün texnologiya hələ yaradılmayıb”.

İsrailin şənbə günü - oktyabrın 7-də düşdüyü vəziyyət Fələstin xalqının İsrail tərəfindən 75 ildir ki, üzləşdiyi vəziyyətin eynisidir. Yəni Fələstin xalqının 75 il ərzində üzləşdikləri cəmi bir gün ərzində - oktyabrın 7-də İsrailin başına gəldi. Bu da zülm, təqib həyata keçirən hər bir zorakı, hərbi işğalın təbii nəticəsidir. Bu, təkcə hərbi kolonial işğal deyil, həm də beynəlxalq təşkilatlara görə Fələstin ərazilərində irqçi aparteid rejiminin tətbiqidir. “Human Right Watch”, “Amnesty International”, BMT və başqa bir çox beynəlxalq qurumların müşahidəçiləri qeyd edirlər ki, İsrail şiddətli müstəmləkə siyasəti həyata keçirməklə yanaşı, Fələstin xalqına qarşı aparteid tətbiq edir.

Baş verən hadisə ilə bağlı Fələstin rəhbərliyi, Prezident Mahmud Abbas, Fələstin hökuməti dünyaya illərdir xəbərdar edirdi. Bildirirdi ki, vəziyyət partlayışa doğru gedir. Çünki qeyd etdiyim kimi, Fələstin İsraili tanısa da, əldə edilmiş bütün razılıqlardan irəli gələn öhdəlikləri yerinə yetirsə də, İsrail iki qonşu dövlətin yaranmasına gətirib çıxara biləcək bütün sülh yollarını bağladı. Bax, bunlar HƏMAS-ın bu addımı atmasına səbəb oldu. HƏMAS 1988-ci ildə təsis edilib. İsrail işğalı isə 75 ildir davam edir. 1967-ci ildən hesablamağa başlasaq, görərik ki, bu işğal HƏMAS-ın yaranmasına səbəb olub. İşğal olmasaydı, HƏMAS da olmazdı. Həll yolu bu zorakılığın dayandırılmasıdır. İsrailin etdikləri Qəzza zolağında Fələstin xalqının soyqırımıdır. İsrail işğalını sona çatdırsaq, bu soyqırımını dayandıra, bundan qaça, minlərlə fələstinlinin və israillinin həyatını qoruya bilərdik.

- Bu müharibənin dayandırılması, humanitar böhranın aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin atdığı addımlar sizi qane edirmi?

- Bəli, bir sıra beynəlxalq təşkilat bu müharibənin ilk günündən onun dayandırılması üçün çağırışlar edir. Bu dəhşətli müharibənin bədəlini silahsız mülki Fələstin vətəndaşları ödəməməlidirlər. Hazırda Qəzzada “Yandırılmış torpaq” əməliyyatı həyata keçirilir. İsrail Fələstinin yaşayış məskənlərini bombalayır və onu yerlə-yeksan edir. Çoxlu mülki fələstinli şəhid olub. Rəsmi məlumatlara görə, şəhidlərin sayı 3500 nəfərdir. Hələ dağıntılar altında qalmış və İsrailin davamlı bombardmanı səbəbindən xilas edilə bilməyən, həyatda qalıb-qalmadığı haqqında məlumat olmayan ən az 1600 şəxsin taleyindən xəbər yoxdur. Təbii ki, beynəlxalq təşkilatlar, BMT baş verənlərdən xəbərdardır. Təəssüf ki, İsrailin bu qırğını davam etdirməsi üçün yaşıl işıq yandıranlar ABŞ və Qərbdir.

İsrail Qəzza bölgəsini məhv etmək, fələstinlilərdən təmizləmək, fələstinliləri Qəzzadan Misirə və İordaniyaya köçürmək ssenarisini həyata keçirmək istəyir. Ona görə də Misir, İordaniya və digər ərəb ölkələri bu planın qarşısında durdular. Əks təqdirdə, bu, 75 ildən sonra yeni qaçqın fələstinlilər problemini yaradacaqdı. Buna görə də beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, böyük dövlətlərdən Çin, Rusiya və başqa ölkələr ən azı humanitar yardımların Qəzzaya daxil olması üçün humanitar dəhlizlərin yaradılmasına çağırış edir. Amma İsrail yardımların oraya daxil olmasına indiyədək mane olur.

- Oktyabrın 17-də Qəzzada vurulan xəstəxana ilə bağlı hər iki tərəf bir-birini ittiham edir. Xəstəxananın qruplaşmalardan biri tərəfindən vurulması iddiası da səslənir. Bununla bağlı nə deyə bilərsiniz?

- İsraili, onun siyasətini bilən kəslərə məlumdur ki, o, həqiqəti demir. İsrail rəsmiləri ağ yalan söyləyirlər. İsrail xəstəxananın “İslami Cihad” hərəkatı tərəfindən raketlə vurulduğunu iddia edir. Lakin hadisənin sağ qalmış şahidləri deyirlər ki, onlar xəstəxanaya Fələstin qruplaşmalarından biri tərəfindən atılan raket görməyiblər. Qeyd edilir ki, onlar raket atmalı olsalar, cəmi bir raket atmazdılar. Partladılmış xəstəxananın ətrafında olan insanlar xüsusilə gecə vaxtı oraya doğru atılan raketlərin şahidi olmayıblar.

Raketlər axşam atılıbsa, onlar görünməli idi. Xəstəxana raketlə vurulan zaman İsrailin “Dəmir qübbə” Hava Hücumundan Müdafiə sistemi işə salınmamışdı. Belə ki, Qəzzadan İsrailə tərəf raket atılanda, “Dəmir qübbə” sistemi işə düşür. Şahidlərin sözləri İsrailin versiyasını təkzib edir. Raketin xəstəxanaya düşməsi videosunu görmüş hərbi ekspertlərin fikrincə, bu raketin dağıdıcı və partlayış gücü Fələstin qruplaşmalarının malik olduqları raketlərə uyğun deyil. Fələstin qruplaşmalarının illərdir ki, atdıqları raketlər, hətta hədəfə səhv dəysə belə, ən çox 2 və ya 3 insanın qətlinə səbəb olub. Bu raket isə 500 nəfərdən çox şəxsin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub. Bu raketin dağıdıcı gücü böyükdür və belə raket bu qruplaşmalarda yoxdur.

Bizə belə gəlir ki, Qəzzaya quru əməliyyatı üçün bəzi Qərb dövlətlərindən dəstək alan İsrail bu hadisədən sonra baş vermiş fəlakətin miqyasını gördü. Bombalama hadisəsi zamanı İsrail ordusuna bağlı olan “X” sosial şəbəkə hesablarında, “Telegram” kanallarında, “Facebook” səhifələrində edilən paylaşımlar sübut etdi ki, bu raketi onlar atıblar. Lakin dağıntıların miqyasını görəndən sonra bu paylaşımları sildilər. Sonra saxta səs yazısı yaydılar. Bu saxta səs yazısı da İsrailin versiyasını sübut etmək üçün yayıldı. Təəssüf ki, ABŞ prezidenti gəldi və İsrailin versiyasını qəbul etdiyini bildirdi. Bununla da Fələstin xalqını insanlıqdan uzaq göstərməyə, qaralamağa çalışdılar. Oktyabrın 7-də belə xəbərlər yaymağa başladılar ki, HƏMAS uşaqların başlarını kəsir, qadınları zorlayır.

ABŞ bu versiyaları qəbul etdi, sonra isə fikrindən geri çəkildi, çünki aydın oldu ki, bunlar feyk xəbərlərdir. Bu xəbərlərlə İsrailə quru əməliyyatlarına başlamaq üçün yaşıl işıq yandırmaq məqsədi güdülürdü. Avadanlıqlar istehsal edən bir Türkiyə şirkətinin ekspertləri xəstəxananın raketlə vurulması videosuna baxıb bildirdilər ki, bu raket Fələstin qruplaşmalarına aid deyil, ola da bilməz. Rusiyalı ekspert də bu fikri dəstəklədi.

Bunlar İsrailin yalanlarıdır və biz buna öyrəşmişik. İsrail həmişə dünyanı çaşdırmaq istəyir, fələstinli öldürüləndə bildirir ki, onun qətlində elə fələstinlilər özləri məsuldur, israillilər deyil.

- Hazırda Qəzzada ümumi və humanitar vəziyyət necədir, insanlara yardımlar hansı formada çatdırılır?

- Qəzzadakı vəziyyət nəinki faciəvidir, hətta fəlakətlidir. Sanki Qiyamət günüdür. Şəhərlər bütünlüklə dağıdılır. Bir fələstinli tanışım hazırda Qahirədə yaşayır. O, Azərbaycanda universitet bitirib, həyat yoldaşı da azərbaycanlıdır. İyirmi beş il Azərbaycanda işləyib. Əslən Qəzzadandır. Ailəsi də imkanlıdır, ailəlikcə həkimdirlər. Müharibədən 5 gün keçəndən sonra onunla telefon əlaqəsi saxladım. Qəzzada qalan valideynləri və digər yaxın qohumlarının vəziyyətini soruşdum. Mənə onların sağ-salamat olduqlarını, amma evlərinin tamamilə dağıdıldığını dedi. Qəzzada vəziyyət fəlakət həddindədir. Dediyim kimi, qiyamət gününü xatırladır.

Çünki şəhərlər yerlə bir edilib. Bir az əvvəl dediyim ki, mülki şəxslər arasında itkilər bu anadək hesablanıb və elan edilib. Amma təsəvvür edin, İsrail tərəfindən davamlı bombardman altında qalan fələstinlilər öz itkilərini dəqiq saymaqda çətinlik çəkirlər. Onlar bu vəziyyətdə 3500 nəfərin həlak olduğunu saya biliblər. 1600 nəfər isə hələ də dağıntılar altındadır. Qəzzada su, ərzaq, yanacaq, elektrik yoxdur.

İsrailin müdafiə naziri cənab Qallant çıxıb deyir ki, “onların suyunu, ərzağını, elektrikini, qazını kəsəcəyik, çünki onlar heyvanlardır”. Bunu o, Fələstin xalqı haqqında deyir. Bax, 75 il ərzində Fələstin xalqı ilə belə davranıblar. Bu, onların düşüncə tərzidir. Ən yaxşı halda, onlar bizim varlığımızı qəbul etmirlər. İsrail Prezidenti Hersoq jurnalistlərlə görüşündə, - bunların hamısının videosu internetdə var, - 7 oktyabr hadisəsində hansısa ayrıca qruplaşmanı, silahlı dəstəni deyil, bütün Fələstin xalqını ittiham edir. Fələstin xalqını nəzərdə tutaraq “biz onların belini qırmalıyıq” deyir. Bu, radikal Netanyahu ilə müqayisədə nisbi olaraq mötədil hesab olunan İsrail prezidentinin dediyidir.

O, soyqırımı törətməyə çağırış edir, bütöv bir xalqı ittiham edir, onun belini qırmağa çağırır. Hitler bunu İkinci Dünya müharibəsi zamanı yəhudilər haqqında deyirdi. Bunlar da eyni faşizm üsullarından istifadə edərək Fələstin xalqını barbar kimi təqdim etməyə çalışırlar, bununla da fələstinlilərə qarşı cinayətlərinə dünya qarşısında bəraət qazandırmaq istəyirlər.

Hazırda Qəzzada fəlakət yaşanır. İsrail tərəfi indiyədək humanitar yüklərin daxil olmasına icazə verməyib, “Rəfah” sərhəd-keçid məntəqəsini 4 dəfə bombalayıb. Bununla onlar insanların Qəzzadan çıxışını və oraya girişini çətinləşdirməyə çalışırlar. İndiyədək İsrail oraya humanitar yardımların daxil olmasına mane olur. Bayden bildirib ki, o, humanitar yüklərin cümə günü Qəzzaya daxil olması barədə Netanyahu ilə razılığa gəlib. Bunu cümə günü görəcəyik. Cümə günü Qəzza əhalisinin bu çətin şəraitlə üzləşməsindən, su qıtlığına düçar olmasından, dağıntılara məruz qalmasından iki həftə keçir. Əgər icazə verilsə, onlara çox az miqdarda yardımlar çatdırılacaq. Çünki İsrail bütün yardımların daxil olmasına deyil, yalnız 20 maşın humanitar yükün daxil olmasına razılıq verib. Vəziyyət fəlakət həddindədir. Dünya Fələstin xalqının soyqırımının qarşısını almaq üçün İsrailin qətl maşınını dayandırmalıdır.

- Bu münaqişənin isti fazasının nə qədər davam edəcəyini düşünürsünüz və müharibənin dayanması üçün nə lazımdır?

- 75 ildir davam edən bu münaqişə bir anda dayana bilər. Əgər İsrail işğala son verərsə, işğal edilən Fələstin torpaqları geri qaytarılarsa və Fələstin Dövlətinin sabitliyi üçün şərait yaradılarsa, bu, baş verər. Lakin bu, baş vermir. Çünki İsrail rəhbərliyində nə Fələstin, nə də dünyanın deyil, elə özlərinin təbirincə desək, radikal irqçi hökumət var. Onun niyyəti aydındır.

Onlar Qəzzaya hücum edəcəklər. Bu zaman oradakı döyüşlər ağır olacaq. Orada silahlarla küçə döyüşləri baş verəcək. Şəhərlərdə döyüşlər uzunmüddətli, daha qanlı və şiddətli olur. Minlərlə insan həlak olacaq. Müharibəni dayandırmaq üçün İsrailə təzyiq göstərilməsə, beynəlxalq birlik, xüsusilə İsraili dəstəkləyən böyük dövlətlər onu müharibəni dayandırmağa məcbur etməsə, Qəzzada mülki şəxslər çox böyük fəlakətlə üzləşəcəklər. Yeganə həll yolu budur ki, İsrail işğalı dayandırsın və imzaladığı razılaşmalara və beynəlxalq hüquqa riayət etməklə tərəflər arasında sülhün bərqərar olması üçün çalışsın.

İsrailin həyata keçirdiyi beynəlxalq hüquqa görə müharibə cinayəti sayılır. Dördüncü Cenevrə Konvensiyasına görə, bu, müharibə cinayəti sayılır. Suyun və elektrikin kəsilməsi, məktəblərin, xəstəxanaların bombardman edilməsi, hətta insanların qaçıb sığındıqları Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentlinin (UNRWA) məktəblərinin raket atəşinə tutulması müharibə cinayəti sayılır. Qəzzadakı Qüds xəstəxanasını da bombardman etdilər. Bütün bunlar soyqırımı cinayətini göstərən dəlillərdir. Fələstin daxilində yəhudi məskənləri tikmək, insanları ölkələrindən zorakılıqla didərgin salmaq müharibə cinayətidir.

Başqa yerdən insanları gətirib işğal etdiyin ölkədə yerləşdirmək də müharibə cinayətidir. Bəzi dövlətlərin İsraili beynəlxalq hüquqa riayət etməyə çağırdığını eşidirik. Lakin onlar beynəlxalq hüququ pozduğuna görə İsraili pisləmirlər. Qəzzanı növbəti həftələrdə daha ağır faciələr gözləyir. Dünya, xüsusilə böyük dövlətlər bunun qarşısını almaq üçün mövqe ortaya qoymalıdırlar.

Son xəbərlər