Əvvəlcə övladları, indi isə özü öldürüldü - İsmayıl Haniyə kimdir?
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun lideri İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb. Sui-qəsdə görə İsrail və ABŞ ittiham edilsələr də, Birləşmiş Ştatlar məsuliyyəti üzərinə götürməyib. İsrail isə ümumiyyətlə xarici mediada yayılan məlumatlara şərh verməyə lüzum görmədiyini bəyan edib.
Bəs İsmayıl Haniyə kimdir?
BAKU.WS xəbər verir ki, Oxu.Az qətlə yetirilən HƏMAS rəsmisi haqqında bəzi məlumatları təqdim edir:
İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Əl-Şati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçmaq məcburiyyətində qalıb.
Haniyə 1987-ci ildə Qəzza İslam Universitetini bitirib. 1989-cu ildə ərəblərin İsrail işğalına qarşı qiyamını xarakterizə edən ilk intifadada (qiyam) həbs edilib. 1992-ci ildə həbsdən azad edilsə də, Livana sürgün olunub. Lakin cəmi bir gün sonra Qəzzaya geri dönüb.
İ.Haniyə 1999-2004-cü illərdə HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Fələstin Qanunvericilik Məclisinə keçirilən seçkidə HƏMAS-ın 132 yerdən 74-nü qazanması Haniyənin də karyerasında sıçrayış olub. O elə həmin il ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.
Lakin 2007-ci ilin iyununda Qəzza zolağında HƏMAS və "Fəth" qruplaşmaları arasında münaqişə pik həddə çatdığı üçün o, Mahmud Abbas tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.
Haniyənin 13 övladı olub. 2010-cu ildə Qəzza şəhərinin dənizkənarı məhəlləsi olan Rimalda 2500 kvadratmetr torpaq sahəsi aldığı və ərazini öz kürəkəninin adına rəsmiləşdirdiyi bildirilib. Digər məlumata görə, HƏMAS rəsmisinin sərvəti 10 milyard dollardır.
Haniyənin bacıları Xolidia, Laila və Sabah İsrail vətəndaşlarıdır və İsrailin cənubundakı Təl-əs-Sabidə yaşayırlar. Üç bacının uşaqlarından bəziləri İsrail Müdafiə Qüvvələrində xidmət ediblər. Haniyənin nəvəsi 2013-cü ilin noyabrında, qayınanası isə 2014-cü ilin iyununda İsrail xəstəxanasında müalicə olunub.
Qeyd edək ki, 2024-cü il aprelin 10-da İsrail ordusu HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərini daşıyan avtomobili atəşə tutub. Hücumda üç oğlu və dörd nəvəsini itirən Haniyə övladlarının Qəzzanı tərk etmədiklərini, Qüds və Əl-Əqsa məscidinin azad edilməsi üçün canlarını fəda etdiklərini deyib.
Ramazan bayramında İsrail ordusunun təşkil etdiyi hücumda yaralanan Haniyənin nəvəsi Mələk Haniyə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. İsrail mətbuatının yazdığına görə, Haniyənin oğullarına sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib.
Oxşar xəbərlər
HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb
HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu...