Erməni vandalizmi: ABŞ Dövlət Departamenti təsdiqləyir, UNESCO isə susur

Erməni vandalizmi: ABŞ Dövlət Departamenti təsdiqləyir, UNESCO isə susur
Siyasət 89

“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi və tarixi qələbə qazandıq. Bu qələbədən sonra beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar əməllərinin, vandallığının əyani şahidi oldu.

Dünya gördü ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında təkcə insanlara qarşı deyil, dini, milli abidələrə, təbiətə, bir sözlə gözlə görülən hər şeyə qarşı vəhşiliklər törədiblər”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O vurğulayıb ki, Ermənistan təkcə insanlara deyil, mədəni irs nümunələrinə qarşı da olmazın vəhşiliklər törədib: “Bu məqam ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında da öz əksini tapıb. Hesabatda bildirilir ki, Avropa Şurası Parlament Assambleyası sentyabrın 27-də qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri/Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamədə qeyd edilib ki, əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə və dağıntılara, və xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar ki, tamamilə dağıdılması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan məsuliyyət daşıyır. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə istinad olunub və vurğulanıb ki, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidə, o cümlədən, regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb”.

Deputat qeyd edib ki, çoxsaylı faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir: “Ümumiyyətlə Azərbaycan xalqının mədəni irsinə qarşı soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səylər göstərilib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana məxsus bir çox sənəd, memarlıq, tarixi, arxeoloji abidələr, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talan və dağıntılara məruz qalıb. Daha dəqiq desək, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsi, eləcə də 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102757 muzey eksponatları, 4 dövlət rəsm qalareyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.), mədəni-irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib”.

V.İskəndərov vurğulayıb ki, ermənilərin cinayətləri bununla bitmir: “Lakin elə bu faktlar da əsas verir ki, beynəlxalq təşkilatlar və xarici ölkələr məsələni aktuallaşdırsınlar. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin bu hesabatından sonra nəhayət ki, bir çox dövlətlərin, beynəlxalq təşkilatların işğal faktına və ərazimizdə ermənilər tərəfindən törədilən vandallığa göz yummalarına, yaxud da ikili münasibətlərinə son qoyulacaq. Xüsusilə də UNESCO nəhayət ki, hərəkətə keçmək üçün özündə güc tapacaq. Biz hələ də UNESCO-nun bu məsələlərdə mövqeyini və missiyasını gözləyirik. Biz UNESCO-nu axtarırıq, amma hələ də tapmamışıq. Çox təəssüf edirik ki, bu məsələlərə ilk reaksiya verməli olan, bütün faktları araşdırmaları olan bir təşkilat hələ də müəmmalı şəkildə susqunluq nümayiş etdirir. Bu yol verilməzdir”.

Son xəbərlər