Ərdoğan Putinlə görüşdə nə əldə etdi? - 10 maddəlik razılaşma

23
okt
2019
12:47
Dünən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Suriya ilə bağlı vacib razılıq əldə olunub.BAKU.WS xəbər verir ki, görüşdən sonra Ərdoğan tarixi razılaşmaya imza atdıqlarını deyib.Görüşdə əsas qərar 23 oktyabrdan başlayaraq 150 saat ərzində bölgədəki bütün YPG terrorçularının ərazidən çıxarılması ilə bağlı olub. Bunun məsuliyyətini Rusiya öz üzərinə götürüb. Sonra isə Türkiyə və Rusiya hərbçiləri bölgədə birgə patrul xidməti həyata keçirəcəklər.6 saata yaxın davam edən görüşdə tərəflər arasında əldə edilən 10 maddəlik razılaşmanın müddəaları aşağıdakılardır:1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına sadiq qaldıqlarını təsdiq edirlər.2. Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə və Suriya ərazisində separatçı fəaliyyətlərin aradan qaldırılması istiqamətində qətiyyətli olduqlarını vurğulayırlar.3. Tel-Abyad və Rəs-əl-Ayn arasındakı 32 km eninə, 120 km uzununa olan məsafədə nəzərdə tutulan “təhlükəszlik zolağı”na nəzarəti Türkiyə həyata keçirəcək.
Rusiya daha öncə bunun Suriya hökumət qüvvələri tərəfindən icra edilməsini istəyirdi. Ərdoğan dünənki görüşdə bunu Putinlə razılaşdıra bilib.4. Hər iki tərəf Adana Anlaşmasının əhəmiyyətini təsdiq edir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Anlaşmasının tətbiqini asanlaşdıracaqdır.5. 23 Oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rus hərbi polisi və Suriya sərhədçiləri Barış Pınarı Hərəkatı sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq sərhədin 30 km xaricinə çıxarılmasını təmin etmək üçün daxil olacaqlar. Bu proses 150 saat içində tamamlanacaqdır. Eyni zamanda, Qamışlı qəsəbəsinin xaricində, Barış Pınarı Hərəkatı sahəsinin qərbində və şərqində 10 km dərinlikdə birgə Türk-Rus patrul fəaliyyəti başlayacaqdır.6. Münbiç və Tel-Rıfatdan bütün YPG ünsürləri silahları ilə bərabər çıxarılacaqdır.7. Hər iki tərəf terrorist ünsürlərin sızmasının qarşısının alınmasının təmini üçün lazımi tədbirləri görəcəkdir.8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstəriləcəkdir.9. Bu memorandumunun həyata keçirilməsinə nəzarət üçün və koordinasiya məqsədilə müştərək bir nəzarət və yoxlama mexanizmi qurulacaqdır.10. Tərəflər Astana Mexanizmi çərçivəsində Suriya münaqişəsinin siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.
320 kilometrlik məsafəyə kim nəzarətə edəcək?Qeyd etmək lazımdır ki, Türkiyə “Barış Pınarı” əməliyyatına başlayarkən sərhəd bölgəsində 440 km-lik məsafədə “təhlükəsizlik zolağı” yaratmağı hədəf olaraq qoymuşdu. Lakin, həm ABŞ-la, həm də Rusiya ilə əldə edilən razılaşmaya görə bu məsafə 120 km məsafə ilə məhdudlaşacaq. Buna baxmayaraq Tel-Abyad və Rəs-əl-Ayn arasında nəzərdə tutulan təhlükəsizlik bölgəsindən kənarda qalan 10 km məsafədə Rusiya və Türkiyə həbiçiləri birgə patrul xidməti göstərəcək. Bununla da Türkiyə öz sərhədlərindən kənarda nəzarətçi vəziyyətinə gələcək.Yerdə qalan 320 km-lik məsafənin isə terrorçuların nəzarətində qalacağı mənasına gəlməyəcək. Belə ki, Rusiya tərəfi PKK/YPG terrorçularının həmin ərazini tərk etməsini təmin edəcəyinə söz verib. Bura isə Tel-Rıfat və Münbiç kimi strateji yerlər də daxildir. Bununla da YPG-nin geridə qalan 7 il ərzində Suriyanın şimalın şimalında möhkəmləndirdiyi hərbi varlığı bitmiş olacaq. Beləliklə, Türkiyə öz sərhədlərini terrorçulardan təmizləmək hədəfinə çatacaq. 320 km məsafəlik həmin bölgənin nəzarəti isə Suriya hökumətinə keçəcək.Hazırda əsas sual PKK/YPG terrorçularının bölgəni tərk etdikdən sonra hansı addımları atacaqları ilə bağlıdır. Hələlik bununla bağlı açıq mövqe bildirilməsə də, onların bir hissəsinin Suriya hökumət qüvvələrinə daxil ediləcəyi iddia edilir. Belə ki, Putin dünənki açıqlamasında da Əsəd rejimi ilə Suriya kürdlərinin genişmiqyaslı dialoqa başlamasının təşviq edilməsi məsələsinə toxunmuşdu.Ərdoğan Putinlə görüşdə hansı nəticəyə nail oldu?Putin həmçinin Türkiyə və Suriya arasında vəziyyətin normallaşmasına ehtiyac olduğunu bildirib:“Bölgədə sülh və sabitliyi Türkiyə Suriya ordusu ilə birlikdə təmin edəcək. Qarşılıqlı hörmət olmadan bunu etmək mümkün olmaz”.Dünənki görüşlə bağlı “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.O qeyd edib ki, Ərdoğanın Putinlə bugünkü görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Politoloq Türkiyənin əldə etdiyi müsbət nəticəni 3 maddədə izah edib:“Birincisi, Ərdoğan “Barış Pınarı” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə, qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Bunu Rusiya təmin edəcək. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada DAİŞ terrorçularını təqib edəcək. Soçidəki bugünkü anlaşma həm də onu göstərdi ki, Əsəd öz ölkəsində Rusiya prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir.
İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar”.Bu arada, qeyd edək ki, Türkiyə ABŞ-la əldə etdiyi razılaşmaya əsasən “Barış Pınarı” əməliyyatının davam etdirilməsinə ehtiyac olmadığını açıqlayıb. Belə ki, 120 saat ərzində ABŞ-ın PKK/YPG terrorçularını Türkiyənin əməliyyat zonasından çıxarılması təmin edilib.Fərid ƏDALƏT



Oxşar xəbərlər
Ərdoğanla Putin Suriya məsələsində anlaşdı
Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Suriya məsələlərini müzakirə etmək üçün Rusiyaya səfər edib. Onun Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü 6 saat...
