Emi Karlon: Bakı və İrəvan Vaşinqton sammitindən sonra möhkəm sülhə doğru konkret addımlar atıblar
Ağ Evdə keçirilən tarixi sülh sammitindən sonrakı bir il ərzində Azərbaycan və Ermənistan möhkəm sülhün əldə edilməsinə dəyişməz bağlılıq nümayiş etdirib və bu istiqamətdə konkret addımlar atıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin ildönümü münasibətilə yayımladığı videomüraciətdə bildirib.
Diplomat xatırladıb ki, bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etmişdi. O qeyd edib ki, sammitdə liderlər Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün əsasını qoyan sazişi paraflayıblar.
"8 avqustdan etibarən Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna dəyişməz sadiqlik nümayiş etdirdilər və möhkəm sülhə doğru qətiyyətli və konkret addımlar atdılar", - Karlon deyib.
O qeyd edib ki, ötən il ərzində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında müntəzəm əlaqələr və fikir mübadiləsi başlayıb, həmçinin sərhədyanı ticarətin ilk əlamətləri, o cümlədən Ermənistanın Azərbaycan yanacağını müntəzəm olaraq alması müşahidə olunub.
Karlon həmçinin TRIPP layihəsini (Tramp Marşrutu) xüsusi vurğulayaraq, onu 8 avqust sazişinin əsas elementlərindən biri adlandırıb.
"Bu marşrut Azərbaycana Naxçıvana maneəsiz çıxışı təmin edəcək və Şərq-Qərb üzrə nəqliyyat əlaqəliliyinin inteqrasiyasına və inkişafına töhfə verəcək, Azərbaycan və bütün bölgə üçün qarşılıqlı iqtisadi faydaları və firavanlığı təmin edəcək", - o bildirib.
Diplomatın sözlərinə görə, TRIPP layihəsi son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib və qarşıdakı ildə bu proses daha da sürətlənəcək.
Oxşar xəbərlər
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin M...