Əli Nəbiyevə səs verək - Abşeronun gücünü sübut edək! - VİDEO

Əli Nəbiyevə səs verək - Abşeronun gücünü sübut edək! - VİDEO
Foto Video
Siyasət 4192

Salam əziz dostlar, dəyərli Abşeron sakinləri

"Abşeronun gücünü sübut edək" şüarı ilə başladıq və məqsədimiz seçki prosesində vətəndaşlarımızın fəallıq göstərməsinə, hətta digər seçki dairələrinə nisbətdə ən çox seçici fəallığı göstərilməsinə iddialı olmaqdır.

Abşeron rayon sakinlərinin bu seçkidə fəal iştirak etmələri üçün mümkün olan bütün imkanlardan istifadə edəcəyik. Çünki bu seçkilər daha fərqli olacaq. Biz hər birinizin səsinin seçki nəticələrində müşahidəçilərimiz tərəfindən bir-bir sayılacağına cavabdehik!

Abşeron rayonu sakini olaraq bildirmək istərdim ki, yalnız təbliğat məqsədi ilə deyil, biz hər gün burada olacağıq, məlum olan və sizin müraciətlər əsasında müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün problemlərin aidiyyətli qurumlar tərəfindən icra edilməsinə birlikdə nail olacağıq!

Abşeron rayonundakı problemlərlə yaxından tanışam. Çünki mən də Abşeron sakiniyəm və bu ərazidəki problemlərlə hər gün rastlaşdığım üçün mən aidiyyətli instansiyalarda sizin səsiniz olmaq istəyirəm.

Problemlərdən danışsaq, bu gün Abşeronda kifayət qədər qeydiyyata düşməyə çətinlik çəkən sakinlər mövcuddur. 47844 nəfər seçici olan bir rayonda hal-hazırda dəqiq statistikası məlum olmasa da, 300.000 nəfərə yaxın vətəndaş yaşayır.

Eyni zamanda əhalinin gündən-günə artması infrastrukturun yenilənməsinə zərurət yaradır. Belə ki, mövcüd enerji təchizatları həmçinin (su, qaz, işıq) hal-hazırda Abşeron rayonunda yaşayan vətəndaşlara qismən kifayət edir. Lakin mütəmadi olaraq yarımstansiyalarda yüklənmədən dolayı qəzalar baş verir və təmir olunması məqsədilə enerjinin verilməsində fasilələr yaranır. Qeyd etmək lazımdır ki, mövcud yarımstansiyaların yenilənməsi ilə bağlı cənab Prezident İlham Əliyevin göstərişi əsasında aidiyyətli qurumlar tədbirlər görürlər, ancaq bu işdə ləngimələr müşahidə olunur.

Eyni zamanda Abşeron rayonunda sakinlərin ünvanlara çatdırılmasını həyata keçirən sərnişin daşıma vasitələrinə - avtobuslara ehtiyac duyulur. Çünki hal-hazırda əhali sayına görə ayrılmış nəqliyyat çox azdır.

Bundan başqa Abşeron rayonunun uzun müddətdir ki, ən böyük problemi olan yollar barədə hamı məlumatlıdır.

2019-cu ilin sonlarında Xırdalan şəhərində küçə və prospektlərdə kommunal xətlərin çəkilməsi yekunlaşdı və yol infrastrukturunun həlli üçün cənab prezidentimiz İlham Əliyev tərəfindən vəsaitlər ayrıldı və bu prosesin ləngimədən həyata keçirilməsi üçün aidiyyətli qurumlarda sizlərin nümayəndəniz olmağa hazıram.

Eyni zamanda paytaxt Bakı şəhərinin tam yaxınlığında yerləşməsinə baxmayaraq, Abşeron rayonunda sosial infrastrukturun inkişafında irəliləyiş lazımi səviyyədə aparılmır. Bunun üçün planlı şəkildə yerli və xarici investorların cəlb olunmasına ehtiyac duyulur. Qeyd olunan prosesin həyata keçirilməsi rayonda minlərlə iş yerlərinin açılmasına şərait yaradacaqdır və rayonumuzun görünüşünü daha da müasirləşdirəcəkdir.

Bildiyiniz kimi, bu gün Azərbaycan Respublikası beynəlxalq aləmdə - beynəlxalq təşkilatlarda və qurumlarda söz sahibidir. Bu nailiyyətlərin əldə olunması inanılmaz dərəcədə çox mürəkkəbdir və cənab prezidentimiz İlham Əliyevin düzgün, dinamik siyasətinin nəticəsidir.

Eyni zamanda qeyd etmək istərdim ki bu gün, bəlkə də, çoxlarına məlum deyil, amma Qarabağ probleminin həlli istiqamətində çox böyük nailiyyətlər əldə olunur və bu istiqamətdə çox ciddi işlər görülür.

Və mən - əzəli Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, Dərələyəz, həmçinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın mənfur düşmənlərin işğalından azad olunması istiqamətində dövlətimizin apardığı xarici siyasətdə Milli Məclis üzvü kimi öz töhvəmi vermək niyyətindəyəm. O torpaqların sakini və bu proseslərdə zərərçəkmiş vətəndaş olaraq bu, mənim və sizlərin haqqıdır!

Son xəbərlər