Düşənbə görüşü: Putinin Simonyan, Solovyov, Zatulin kimi ünsürlərə verdiyi mesaj

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən görüş Rusiya-Azərbaycan münasibətlərində xüsusən son dövrlərdə müşahidə olunan proseslər fonunda bir çox ciddi irəliləyişin əldə olunduğunu göstərdi. İlk növbədə, görüş və dövlət başçıları arasındakı səmimi söhbət ölkələrimiz arasındakı münasibətlərin konstruktiv məcraya yönəldiyini və tam normallaşdığını ortaya qoydu.
Dövlət başçılarının söhbətində xüsusi diqqət Rusiyanın hava məkanında baş vermiş aviasiya faciəsinə yönəldilmişdi. Belə ki, Rusiya prezidenti nitqinin əvvəlindəcə bu məsələyə toxunmaqla sözügedən məqama rəsmi Moskva tərəfindən də lazımi həssaslığın göstərildiyini nümayiş etdirdi. Vladimir Putinin nitqinin əsas müddəalarına nəzər salsaq, görərik ki, Rusiya lideri ölkəsi tərəfindən Azərbaycanın mövqeyinə birmənalı hörmət və anlayış göstərildiyini ortaya qoydu.
Bəs Azərbaycanın AZAL təyyarəsi ilə bağlı baş vermiş insident fonunda mövqeyi tam olaraq nədən ibarət idi?
- Rəsmi Moskvanın məsuliyyəti üzərinə götürməsi;
- Təyyarə insidentinə görə üzr istənilməsi;
- Kompensasiyaların ödənilməsi;
- Günahkarların cəzalandırılması.
Rusiya liderinin Düşənbədəki fikirlərinə nəzər saldıqda isə artıq təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu demək mümkündür. Mahiyyət etibarilə Rusiya lideri öz çıxışı ilə Rusiya-Azərbaycan münasibətlərinin önəminə növbəti dəfə toxunaraq, aviasiya faciəsi nəticəsində ortaya çıxmış məsələlərin həll yolunun Azərbaycan və Rusiya üçün eyni olduğunu göstərmiş oldu.
Bununla da Rusiya-Azərbaycan münasibətlərinin öz tarixindəki növbəti sınaqdan da uğurlu çıxmış olduğunu birmənalı olaraq söyləmək mümkündür.
Rusiya liderinin çıxışı həmçinin qonşu ölkədə Azərbaycanla münasibətlərin gərginləşməsini arzulayan və bunun üçün canla-başla çalışan dairələrin, onların əlaltılarının planlarını alt-üst etdi. Simonyan, Solovyov, Zatulin kimi daim anti-Azərbaycan mövqeyi nümayiş etdirən, ölkəmizə qarşı ən kiçik fürsətdə qarayaxma kampaniyası başladan, Azərbaycan dövlətinə qarşı çıxışları ilə süni gündəm formalaşdırmaq istəyən bu qəbildən olan əlaltıların fəaliyyətlərinə ağır zərbə vuruldu, onlara lazımi mesaj verildi. Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələr məqsədlərinə nail ola bilmədilər.
Beləliklə, Azərbaycanı narahat edən əsas məsələlərdən biri (Rusiyada anti-Azərbaycan çıxışları və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti - red.) öz həllini tapmış oldu.
Görüş zamanı Vladimir Putin və İlham Əliyevin səmimi söhbəti, Rusiya liderinin çıxışının sonunda vurğuladığı məqamlar ölkələrarası münasibətlərin sağlam təməllərə əsaslandığının bir daha nümayiş etdirdi.
Belə ki, Rusiya lideri sözlərinin sonunda məhz bu ifadəni səsləndirdi:
"O qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin".
Rusiya liderinin bu sözləri Azərbaycanla müttəfiqlik münasibətlərinin Rusiya üçün xüsusi önəm daşıdığına və bir çox məsələlərin həllində məhz bu yanaşmanın prioritet hesab edildiyinə, rəsmi Moskvanın mövqeyinin məhz bu cür olmasına vurğu oldu.
Təbii olaraq, bu cür yanaşma fonunda əlaqələrin daha da inkişafı üçün olduqca münbit şəraitin olduğu gerçəkliyi də növbəti dəfə üzə çıxır. Elə dövlət başçılarının vurğuladığı ticari-iqtisadi münasibətlərdəki inkişaf və digər bütün istiqamətlər üzrə artım da bunun əyani sübutudur.
Birmənalı olaraq Düşənbə görüşünü xarakterizə etmək və Azərbaycan-Rusiya münasibətlərinin növbəti dövrdəki inkişaf perspektivlərini düzgün qiymətləndirmək üçün ən mühüm məqam isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirdə öz əksini tapdı:
"Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir".
Bəli, yekun nəticə olaraq onu deyə bilərik ki, bu gün Azərbaycan-Rusiya münasibətləri konstruktiv məcrada irəliləyir və Prezident İlham Əliyevin vurğuladığı kimi təsdiq edilmiş yol xəritələri uğurla icra olunur.
Oxşar xəbərlər
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
Azərbaycanın hərb tarixində dönüş yaradan əməliyyatlardan biri - Hadrutun azad edilməsi sırf taktiki qələbə deyildi. Burada əldə olunan üstünlük cənubdan Qaraba...
