Deputat: "Minsk qrupunun ləğvi Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir"

Deputat: Minsk qrupunun ləğvi Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir
Siyasət 24

"Azərbaycan 30 yanvar 1992-ci ildə o zaman Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə adlandırılan bu təşkilata üzv qəbul olunub.

Azərbaycan ATƏM-ə (indiki ATƏT) qoşulduqdan sonra təşkilatın Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik etməyə başladı. Lakin illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı və Minsk qrupu real sülh mexanizminə çevrilə bilmədi.

1996-cı ildə Lissabon sammitində ümummilli lider Heydər Əliyev Azərbaycanın milli maraqlarını və beynəlxalq hüququn prinsiplərini qətiyyətlə müdafiə etdi. Ermənistanın bütün sənədləri bloklamaq cəhdinə baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin mövqeyini dəyişməyərək, üç əsas prinsipin - ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi və bütün əhali üçün təhlükəsizliyin təminatı - rəsmi mövqeyimiz olduğunu ortaya qoydu. Bu, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirdi".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Minsk qrupunun fəaliyyətinə xitam verilməsini şərh edərkən deyib.

O xatırladıb ki, 2000-ci illərdə də Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan tərəfindən dəfələrlə tənqid olunurdu:

"Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də dəfələrlə bildirmişdilər ki, Azərbaycanın təhlükəsizliyinin qarantı yalnız öz ordusu, iqtisadi gücü və diplomatik imkanları ola bilər. Xarici güclərin və vasitəçilərin real nəticə vermədiyi aydın olduqca, Azərbaycan müstəqil siyasət kursunu daha da gücləndirdi.

2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu, eyni zamanda onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur. Azərbaycan işğal faktını hərbi-siyasi yolla aradan qaldırmaqla, əslində Minsk qrupunun təklif olunan formatda fəaliyyətinə ehtiyacın qalmadığını göstərdi".

"Çünki münaqişə faktiki olaraq çoxdan bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Revanşist ermənilərin bu kimi platformalardan "təzyiq vasitəsi" kimi istifadə etməsi, sülh niyyətlərinə şübhə yaradırdı. Sülh təkcə diplomatik bəyanatlarda yox, həm də əməldə öz əksini tapmalı idi. Ermənistan yaxşı anlayır ki, onun gələcək inkişafı qonşuları ilə münasibətlərinin normallaşmasından asılıdır. Təkcə coğrafi deyil, həm də iqtisadi gerçəkliklər göstərir ki, Ermənistan ticarət əlaqələrini genişləndirmək və regional layihələrə qoşulmaq üçün sülh sazişi imzalamağa məcburdur.

Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. 8 avqust tarixində tarixi Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi təsdiqləndi. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk qrupunun ləğvi üçün birgə məktub imzalandı", - parlamentari vurğulayıb.

Millət vəkili əlavə edib ki, Minsk qrupunun ləğvi Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir, növbəti xarici siyasət uğurumuzdur:

"Dövlət başçımızın prinsipial və qətiyyətli mövqeyi Minsk qrupunun da fəaliyyətinə birdəfəlik son qoydu".

Son xəbərlər