Deputat: "Azərbaycanın sərhəd siyasəti təhlükənin real qiymətləndirilməsinə əsaslanan qərar modelinə söykənir"
"Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişən geosiyasi reallıqlar, regional münaqişələr, transmilli təhlükələr və hibrid təhdidlərlə xarakterizə olunur. Belə bir şəraitdə dövlətlərin təhlükəsizlik strategiyaları klassik sərhəd anlayışından daha geniş müstəviyə çıxır və siyasi, sosial, iqtisadi, hətta ideoloji təhlükəsizlik ölçülərini əhatə edən konseptual yanaşma tələb edir. Azərbaycanın quru sərhədlərinin müəyyən müddət bağlı saxlanılması da məhz bu geniş təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi qiymətləndirilməlidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqaz kimi mürəkkəb və ziddiyyətli bir regionda yerləşir:
"Regionda uzun illər davam edən işğal faktı, post-münaqişə mərhələsi, Ermənistanla sülh prosesinin tam yekunlaşmaması və paralel olaraq Yaxın və Orta Şərqdə, Şərqi Avropada baş verən hərbi-siyasi böhranlar dövlətlərin sərhəd siyasətinə daha həssas yanaşmasını zəruri edir. Müasir dünyada dövlətin əsas vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etməkdir və bu, iqtisadi və sosial arqumentlərdən daha üstün, həyati əhəmiyyət daşıyan prioritet sayılır. Digər tərəfdən, dünya artıq yalnız hərbi deyil, bioloji və humanitar risklərin də strateji faktor olduğunu qəbul edir. Azərbaycanın sərhəd siyasəti də situativ yox, mərhələli və təhlükənin real qiymətləndirilməsinə əsaslanan qərar modelinə söykənir. Dövlət preventiv yanaşmanı seçir və risk baş verməzdən əvvəl onun qarşısını almağa üstünlük veri. Dövlət idarəçiliyində populizm və strateji planlaşdırma arasında ciddi fərq var. Sərhədlərin açılması məsələsi yalnız ictimai rəyin emosional gözləntilərinə əsaslana bilməz. Bu, kompleks təhlükəsizlik analizinin, kəşfiyyat məlumatlarının, regional proseslərin və diplomatik danışıqların nəticəsi olaraq qiymətləndirilməlidir".
"Azərbaycanın hazırkı siyasəti göstərir ki, qərarlar uzunmüddətli dövlət maraqları çərçivəsində qəbul olunur. Bu isə suveren qərarvermə modelinin göstəricisidir. Azərbaycanın sərhədlərinin bağlı saxlanılması müasir təhlükəsizlik çağırışlarına adekvat cavab, post-münaqişə mərhələsində nəzarətin möhkəmləndirilməsi və regional qeyri-müəyyənlik şəraitində strateji ehtiyatlılıq xəttidir. Dövlətin əsas məqsədi sabitlik, təhlükəsizlik və uzunmüddətli inkişafdır. Bu kontekstdə sərhəd siyasəti taktiki qərar deyil, milli təhlükəsizlik doktrinasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Ötən hər gün Azərbaycan dövlətinin quru sərhədlərinin bağlı saxlanılması barədə qərarının nə qədər uzaqgörən və strateji qərar olduğunu təsdiqləyir", - müsahibimiz əlavə edib.
Oxşar xəbərlər
Türkiyəli politoloq ölkəsinin hava məkanının pozulmasından danışdı: "Ankara üçün qəbuledilməzdir"
Türkiyə İran istiqamətindən atılan ballistik raketi məhv edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran ərazisindən atıldığ...